Sübhan Həzrətquliyev: “Könüllülük inkişafıma böyük imkanlar verir”


“Bir”  rəqəmini dostluq, birlik və həmrəyliyin simvolu kimi daşıyan “Bir Könüllü” Təşkilatı 2015-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən “Bir” Tələbə-Könüllü proqramı kimi fəaliyyətə başlayıb. Ölkəmizin ali təhsil müəssisələrinin tələbələri arasında könüllülük fəaliyyətinin dəyərlərini aşılamaq, eyni zamanda, bu fəaliyyətdən faydalanmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsini təmin etmək təşkilatın əsas məqsədlərindən biridir.

 

Könüllülük tələbələrə nə qazandırır?

 

Təşkilat tələbələri könüllülük fəaliyyətinə cəlb etməklə onlara yerli, regional və qlobal səviyyədə tədbirlərin həyata keçirilməsində aktiv iştirakçılıq imkanı yaradır. Bu isə tələbələrin gələcək karyera həyatı üçün yeni bacarıqların, təcrübənin, eləcə də dünyagörüşünün formalaşmasına müsbət təsir edir.

 

Bununla yanaşı, könüllülər dövlət qurumlarında, cəmiyyətin inkişafı naminə həyata keçirilən faydalı layihələrdə daha yaxından və fəal iştirak edirlər, bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları, seminarlar, layihələr, yay məktəbləri, düşərgələr və danışıq klublarına qatılırlar, könüllülük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində tədbirlərin iştirakçısı olmaq imkanı qazanırlar.

 

Könüllülük bir dəyərdir

 

Səbinə Hüseynova Bakı Slavyan Universitetinin humanitar və sosial elmlər fakültəsinin, “Jurnalistika” ixtisasının IV kurs tələbəsidir. Artıq neçə ildir  “Bir Könüllü” Təşkilatının üzvü olan S.Hüseynova deyir ki, bu birliyə qoşulmaqda məqsədi özünü inkişaf etdirmək, yeni bilik və bacarıqlar qazanmaq olub.  Bu məqsədinə nail olduğunu deyən Səbinə könüllü fəaliyyəti sayəsində 10-dan çox yerli və beynəlxalq tədbirlərdə iştirak etdiyini, maraqlı və faydalı təcrübə qazandığını bildirir: “Mənim üçün ən yadda qalanı STEAM Festivalındakı fəaliyyətim idi, yarış boyunca  iştirakçılar və STEAM müəllimləri ilə daimi ünsiyyətdə olduq, yeni məlumatlar öyrəndik. Digər maraqlı məqamlar isə ibtidai siniflər arasında keçirilən riyaziyyat olimpiadasında nəzarətçi olanda yarandı. Kiçik yaşlı olduqlarına görə sinifdə müxtəlif hadisələr yaşanmışdı, suallarını yaza bilməyib ağlayanlar da az deyildi. Onları sakitləşdirmək, nizam-intizamı qorumaq çətin olduğu qədər də məsuliyyətli idi. Bu kimi situasiyaların öhdəsindən gəlmək, könüllülük fəaliyyətimin sayəsində mənə stress vəziyyətində özümü idarə etməyi öyrətdi.  Ümumiyyətlə, könüllülük mənə görə bir dəyərdir. Tələbəlik dövrüm boyunca müxtəlif təşkilatlarda könüllü olmuşam və hələ də davam edirəm. Bu da şəxsi inkişafım üçün əvəzsiz rol oynayır”.

 

 

 

Sübhan Həzrətquliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  Energetika fakültəsinin “Energetika mühəndisliyi” ixtisasında təhsil alır.

 

Sosial aktivliyi ilə seçilən tələbələrdən olan Sübhan “Bir Könüllü” Təşkilatına qoşulmaqla tələbəlik illərini daha faydalı keçirmək, əlaqələr, dostluqlar qurmağa maraqlı biri olduğunu deyir:

- “Təşkilatdakı fəaliyyətim mənə layihə idarəetməsi, təşkilatçılıq, ictimai kommunikasiya, şəbəkələşmə bacarığı və ictimai xidməti öyrətdi. Könüllülük inkişafıma böyük imkanlar verir, həmçinin insanlara kömək etmək məndə məmnunluq hissi yaradır. 

 

Mənə görə, könüllülük fəaliyyətinin tələbənin həyatında çox böyük rolu var, tələbələrdə ictimai məsuliyyət hissi yaradır. Həmçinin, könüllülük fəaliyyəti tələbələrə  təcrübə qazanmaq imkanı verir. Onlar fərqli sahələrdə işləyərək layihə idarəetməsini, problemləri həll etməyi və komanda ilə əməkdaşlığı öyrənirlər. Bu, tələbələrə sosial və karyera məqamlarında geniş perspektivlər açır. Nəhayət, könüllülük tələbələrin tələbəlik illərinin daha zəngin və əyləncəli olmasına yardım edir, tələbələrin özünüinkişafını stimullaşdırır”.

 

 

Nəzirə Rəhimli Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial iş” ixtisasında təhsil alır. O, sosiallaşmaq, özünü inkişaf etdirmək  və vaxtını daha səmərəli keçirmək məqsədilə “Bir Könüllü” Təşkilatına qoşulduğunu deyir:

 

- “Könüllülük mənim üçün əylənmək, öyrənmək, inkişaf etmək, könüldən fəaliyyət göstərmək deməkdir. Bu günə qədər könüllü olaraq ölkəmizdə keçirilən dövlət əhəmiyyətli mühüm bir çox yerli və beynəlxaq layihələrdə və tədbirlərdə iştirak edərək təcrübə toplamış və öz potensialımı inkişaf etdirmişəm. Mənim üçün ən əhəmiyyətli fəaliyyətlərimdən biri də Şuşada keçirilən eko-aksiyada iştirak edərək tarixi anlara şahid olmağımdır”.

 

 

 

Bakı Slavyan Universitetinin humanitar və sosial elmlər fakültəsinin “Jurnalistika” ixtisasının IV kurs tələbəsi Məlik Məlikov deyir ki, bu təşkilatdakı fəaliyyətinin onun tələbə həyatına böyük təsiri olub. O, indiyədək bir neçə təşkilatda da  könüllü kimi fəaliyyət göstərib:

 

“Bu günə qədər qazandığım təcrübələrin çoxunu məhz universitetdən kənar fəaliyyətim, xüsusilə könüllülük fəaliyyətim sayəsində qazanmışam.

 

“Bir Könüllü” Təşkilatı bir tələbə üçün geniş imkanlar yaradır. Məsələn, mənim ən çox öyrəndiyim könüllülük fəaliyyətlərimdən biri də MİQ imtahanları idi. Özü də mən COVID-19 pandemiyası dövründə iştirak etmişdim. Ona görə, hər xırda detala da daha diqqətlə yanaşırdıq, məsuliyyətimiz də çox idi.

 

Mən həm də başqa təşkilatda könüllülük proqramına da qatılmışdım, bizə ixtisasımızla bağlı seminarlar, təlimlər keçirildi və mən bu proqramı bitirəndən sonra iş təklifi aldım. Ona görə tələbələrə də tövsiyə edirəm ki, belə fəaliyyətlərdə iştirak etsinlər, təcrübə qazansınlar və burada əldə etdikləri biliklərin onların karyeralarında təsirini hiss edəcəklər”.

 

Gülnarə İLHAM