Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 17 Noyabr  - Beynəlxalq Tələbə Günü münasibəti ilə bakalavriat və magistratura səviyyələrində təhsil alan fəal tələbələrlə görüş keçirilib.

 

Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, şöbənin müdiri Turan Kərimli, mətbuat katibi Cavid Hüseynov, Pedaqoji Universitetin tələbə təşkilatlarının rəhbərləri - ADPU TGT sədri Təhmasib İmaməliyev, ADPU THİK sədrinin birinci müavini Cəmilə Qurbanova, “Bir Könüllü” Təşkilatının inzibati məsələlər üzrə meneceri Nərgiz Quluzadə, ADPU Yeni Klubun sədri İsmayıl Nəsirov, "Meh" ədəbi dərnəyinin sədri Raman İsmayılov, ADPU-nun UNESCO klubunun prezidenti Əhmədağa Babaşov, ADPU-nun Enactus klubunun rəhbəri Şahin Məmmədli, eləcə də, təhsil, ictimai fəaliyyət, idman və incəsənət sahələrində uğurlu gənclər iştirak ediblər.

 

Görüşdə çıxış edən prorektor Fikrət Rzayev tələbələri təbrik edərək, onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb, Pedaqoji Universitet rəhbərliyinin daim tələbələrin təşəbbüslərini dəstəklədiyini, onlar üçün müvafiq tədris şəraitinin təmini və innovativ yanaşmaların tətbiqi istiqamətində davamlı fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

 

Təəssüratlarını bölüşən tələbələr də öz növbələrində onları maraqlandıran məsələlər haqqında fikir və təkliflərini səsləndirib, tələbələrlə daimi görüşlərin müsbət bir nümunə olduğunu qeyd ediblər.  

 

Uğurlu tələbələrdən karate üzrə dünya çempionu, ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin tələbəsi Fatimə Cəbrayılzadənin və digərlərinin fikirləri maraqla qarşılanıb.