BMT-nin Baş katibi Antonio Quterreş COP28 sammiti ərəfəsində Antarktidanın əriməsinin “tamamilə dağıdıcı” təsiri ilə bağlı xəbərdarlıq edib və karbon tullantılarının azaldılması haqqında razılaşmaya nail olunmasına çağırıb.

 

BMT-nin 28-ci İqlim konfransının (COP28) başlanmasından bir həftə əvvəl Antonio Quterreş Dubayda intensiv hərəkətlərin zəruriliyi barədə danışıb. Bu tədbirdə ölkələr planeti istilədən qaz tullantılarının azaldılması üzrə öhdəlikləri müzakirə etmək üçün bir araya gələcəklər.

 

“Biz tamamilə dağıdıcı sürətlənməni müşahidə edirik. Antarktida artıq oyanır və dünya da oyanmalıdır”, - deyə Çili Prezidenti Gabriel Boriçin müşayiətilə regiona rəsmi üçgünlük səfər edən BMT-nin Baş katibi bildirib. Onlar, həmçinin King-Corc adasındakı aviabazaları, Kollinz və Nelson adası və buzlaqlarını ziyarət edəcəklər.

 

A.Quterreş deyib ki, COP28 istiləşmənin Selsi üzrə 1,5 dərəcədən aşağıda saxlanması üzrə 2015-ci il Paris Sazişinin məqsədlərinə riayət etmək üçün müvafiq müddətlərdə qazıntı yanacağından mərhələli şəkildə imtina etmək barədə ölkələrin qərar qəbul etmək imkanıdır. BMT-nin məlumatına görə, planet əsrin sonuna qədər 2,5–2,9 dərəcə Selsi istiləşməyə doğru gedir. Onun sözlərinə görə, Zirvə görüşü, həmçinin ölkələrə bərpa olunan enerji mənbələri sahəsində böyük sayda layihələrdə iştirak etmək və mövcud şəbəkələrin və texnologiyaların enerji effektivliyini artırmağa imkan verir.

COP28 noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək.

 

BMT-nin son hesabatında qlobal temperaturun 1,5 dərəcə Selsidən yuxarı qalxmasının qarşısının alınması üçün 2030-cu ilə qədər istixana qazlarının (İQ) ehtimal olunan həcmlərinin iki dəfə azaldılmasının zəruriliyi barədə xəbərdarlıq yer alıb.

 

İqlim dəyişməsi üzrə beynəlxalq ekspertlər qrupu (İDBEQ) bildirib ki, əsrin sonuna qədər temperaturun 3 dərəcə Selsi artmasının qarşısının alınması üçün bütün ölkələr 2030-cu ilə qədər tullantıları 42 faiz azaltmalı olacaqlar.

 

Oktyabr ayında “Nature Climate Change” jurnalında dərc olunmuş tədqiqatda deyilir ki, planeti istilədən qazların tullantılarının nə qədər azaldılmasından asılı olmayaraq, temperaturun artması səbəbindən indi Antarktidanın əriməsi “qaçılmazdır”. Antarktidanın ən çox riskə məruz qalmış rayonlarında buzların əriməsi növbəti bir neçə yüzillikdə qlobal dəniz səviyyəsini təxminən 1,8 metr qaldıra bilər.

 

Həmin ayda “Science Advances” jurnalında dərc edilmiş digər tədqiqat göstərib ki, Antarktidanın təxminən 50 şelf buzlağı 1997-ci ildən ən azı 30 faiz azalıb, onlardan 28-i isə həmin dövr ərzində buzlarının yarısından çoxunu itiriblər.

 

Azərtac