Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün nüfuzlu “QS Quacquarelli Symonds” Reytinq Agentliyi tərəfindən təlim təşkil edilib.

 

Onlayn təşkil olunmuş təlimdə açılış nitqi ilə çıxış edən rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov müxtəlif kateqoriyalarda QS reytinq nəticələrinin BDU üçün əhəmiyyətindən bəhs edib, təlim iştirakçılarına uğurlar arzulayıb.

 

Təlimdə QS Reytinq Agentliyinin nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və “QS Europe Ranking” kateqoriyasına dair geniş məlumat verilib, eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında BDU-nun mövcud vəziyyəti bir sıra xarici ali təhsil müəssisələri ilə müqayisəli təhlil edilib. Daha sonra Agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Məlumat üçün bildirək ki, “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan “QS Europe 2023” reytinqi üzrə BDU fakültə-tələbə (faculty-student ration) nisbətinə görə Avropa üzrə 90-cı, Azərbaycan üzrə isə 1-ci yerdə qərarlaşıb. Beynəlxalq tədqiqat şəbəkəsi (International Research Network) indikatoru üzrə BDU Azərbaycan ali təhsil müəssisələri arasında 1-ci olaraq müəyyənləşib. Bununla yanaşı, BDU akademik reputasiya (academic reputation) və fakültə üzrə elmi məqalə nisbətinə (paper per faculty) görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb. “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan “QS Western Asia” reytinqi üzrə isə BDU 19-cu yerdə müəyyənləşib.