Başqırdıstanın əsas aparıcı ali təhsil ocaqlarından olan Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) 75 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin  (SDU) nümayəndə heyəti və xarici qonaqlar UDNTU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış “Azərbaycan Respublikası auditoriyası”nı ziyarət edib və tələbələrlə görüşüblər.

 

Qonaqlara auditoriyanın fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, auditoriyada Azərbaycanın dövlət simvolları, Heydər Əliyev irsi, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası, akademik Azad Mirzəcanzadənin elmi məktəbi, ölkəmizin təbii sərvətləri, neft, iqlim və coğrafiyası, faydalı qazıntılar, elm və sənaye, mədəniyyət və incəsənəti, xalçaçılığı, tarixi abidələri - Qobustan, paytaxt Bakı, tarixə düşmüş görkəmli şəxsiyyətlər başlığı altında 12 lövhə yaradılıb. Bu auditoriya həmin universitetin azərbaycanlı məzunu, Başqırdıstanın əməkdar inşaatçısı, iş adamı Əyyub Bəbirovun maliyyə dəstəyi və SDU-nun layihəsi əsasında açılıb.

 

“Heydər Əliyev İli”ndə bu auditoriyanın açılmasını əlamətdar hadisə kimi dəyərləndirən SDU-nun rektoru Rüfət Əzizov akademik Azad Mirzəcanzadənin Azərbaycan və Başqırdıstan elminin inkişafındakı mühüm rolundan danışıb, onun mexanika, tətbiqi riyaziyyat, neft-qaz sahəsində nəzəri və praktik məsələlərin həllində yaratdığı elmi məktəbin əhəmiyyətini vurğulayıb.