Bakı Dövlət Universitetinin nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağır Bağırov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Qönçə Eyvazova, Sevinc Məmmədyarova, Lalə Qəhrəmanlı, Günel Əliyeva, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstutunun əməkdaşı Elçin Hüseynov, Geologiya və Geofizika İnstitutunun əməkdaşı Məhəmmədəli Abdullayevin  “Qamma  radiasiyanın təsirinə məruz qalmış GO və GO/PVA kompozitlərinin struktur və optik xassələrinin xüsusiyyətləri" ("Features of structure and optical properties GO and a GO/PVA composite subjected to gamma irradiation”) adlı məqaləsi Q2 kvartilli "RSC Advances" jurnalında dərc olunub:

 

https://pubs.rsc.org/en/content/articlelanding/2023/RA/D3RA07186C

 

 

 

Məqalədə müxtəlif dozalarda şüalandırılma zamanı qrafen oksid (GO) və GO/PVA nanokompozitlərinin struktur, morfoloji və optik xassələrinin dozadan asılı olaraq dəyişməsi tədqiq edilib. Nanokompozitlərdə struktur dəyişiklikləri müxtəlif dozalarda radiasiyaya məruz qalma nəticəsində yaranan hər hansı dəyişikliyi təyin etməyə imkan verən Rentgen şüalarının difraksiyasından (XRD) istifadə edərək təhlil edilib. Bundan əlavə, nümunələrin elementar tərkibinə dair məlumatlar əldə etmək üçün enerji-dispersiv spektrometrdən (EDS) istifadə etməklə elementar analiz aparılıb. Nümunələrin optik xassələri ultrabənövşəyi-görünən (UV-Vis), Furye-transform infraqırmızı (FTIR), Raman spektroskopiyası, morfologiyası isə skanedici elektron mikroskopiya (SEM) vasitəsilə tədqiq edilib. Tədqiqatda qamma radiasiyasının təsiri altında nümunələrdə olan qalıq qrafitin parçalanması və oksidləşməsi müşahidə olunub. Artan şüalanma dozası ilə nümunələrin qadağan olunmuş zonasının azalması müəyyənləşib. Bu müşahidə göstərir ki, radiasiyaya məruz qalma nanokompozitlərin elektron xassələrinə təsir edib və onların optik davranışında dəyişikliklərə səbəb olub. FTIR və EDS nəticələri şüalanmanın təsiri ilə oksid qrupların reduksiya olunmasını göstərir.