Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr  olunmuş təntənəli tədbir keçirilib.

 

Tədbirdə hər iki ali təhsil ocağının rəhbərliyi, əməkdaşları, ADPU-nun professor-müəllim və tələbə heyəti iştirak edib.

 

Əvvəlcə, universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi və “Zəfər guşəsi” ziyarət olunub, sonra qonaqlar Pedaqoji Universitetin incəsənət və fiziki tərbiyə fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub, ADPU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.

 

Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycanın zəngin ənənələrə və tarixə malik ali təhsil müəssisələrindən biri, elm və mədəniyyət ocağı olaraq təhsilimizin və mədəniyyətimizin inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin arasında çoxlu sayda ADMİU məzunu var. Regionda nüfuzlu ali təhsil ocağı olan ADMİU-nun yetirmələri hazırda Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da uğurla fəaliyyət göstərirlər.

 

Pedaqoji Universitetlə Mədəniyyət və İncəsənət Universiteti arasında məhsuldar əməkdaşlıq əlaqələrindən bəhs edən C.Cəfərov bu əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb.

 

Çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova göstərilən diqqətə və ali təhsil ocağının yubileyi ilə bağlı təşkil olunan yüksək səviyyəli tədbirə görə ADPU ailəsinə minnətdarlığını bildirib. Qeyd edib ki, 2023-cü il yubileylər ilidir və belə bir əlamətdar ildə Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin də qeyd edilməsi olduqca önəmlidir. Mədəniyyət və İncəsənət Universitetinin ölkəmizdə incəsənətin inkişafında mühüm xidmətləri olan ali təhsil ocağı olduğunu vurğulayan rektor ali təhsil ocağında dövrün tələblərinə, milli mədəniyyətimizin inkişaf xətlərinə uyğun olaraq daim yenilənən innovativ tədris mühiti olduğunu vurğulayıb.

 

Daha sonra tədbir bədii proqramla davam edib.