Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

 

İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev qeyd edib ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətdir. O, bütün həyatını şüurlu surətdə xalqımızın, millətimizin, dövlətimizin inkişaf etməsinə, təşəkkül tapmasına həsr edib. İcraçı direktor vurğulayıb ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu elə Azərbaycan tarixinin böyük bir hissəsidir: “Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Onun qəlbi həmişə Azərbaycanla döyünüb. Onun apardığı uzaqgörən siyasət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkəni qurtuluşdan tərəqqiyə apardı, onun layiqli davamçısı cənab Prezident İlham Əliyev isə ölkəmizi tərəqqidən Böyük Zəfərə daşıdı”.

 

Tədbirdə təqdimatla çıxış edən Gənc Alim və Mütəxəssislər şurasının sədri Günay İsmayılova deyib ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider idi: “Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim ki, Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır”.

 

İnstitutun aparıcı elmi işçisi  Nüsrət Əliyev isə Ümummilli Lider Heydər Əliyev haqqında eşitdiyi, gördüyü maraqlı xatirələrindən danışıb.