Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının (ÇXR) Hefei Texnologiya Universitetində olub. Universitetin prezidenti Zheng Lei ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.  

 

Universitetin prezidenti Zheng Lei BDU-nun nümayəndə heyətinin səfərindən məmnunluğunu qeyd edib, dünya şöhrətli fizik Lev Landaunun BDU-nun məzunu olmasından məlumatlı olduğunu bildirib. O, BDU ilə tələbə və müəllim heyətinin mübadiləsi, riyaziyyat, fizika, kimya, innovasiya, texnologiya kimi fundamental sahələrdə əməkdaşlığa hazır olduqlarını qeyd edib.  

 

Görüşdə çıxış edən BDU-nun rektoru E.Babayev ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, BDU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları və universitetdə aparılan tədris, elmi tədqiqat işləri haqqında məlumat verib. Bildirib ki, BDU dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. Son dövrlər BDU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur,  bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığı, ikili diplom proqramına dair müqavilələr imzalayır. BDU-nun Çin Universitetləri ilə əlaqələrinin də yüksələn xətlə inkişaf etdiyini deyən E.Babayev universitetdə riyaziyyat, nanofizika, kimya, biotexnologiya, kompüter elmləri, sosial və humanitar elmlər sahələrində güclü məktəblərin olduğunu vurğulayıb, əməkdaşlığın faydalı olacağına əminliyini bildirib. Rektor həmçinin BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətindən bəhs edib, tələbə və akademik heyətin mübadiləsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi istiqamətində təkliflərini bildirib.  

 

Daha sonra nümayəndə heyətləri arasında ikitərəfli müzakirələr aparılıb. Tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, sənaye tətbiqli elmi-tədqiqat işlərində əməkdaşlıq, fizika və riyaziyyat sahələrində birgə tədqiqatların aparılması, təhsilin bütün sǝviyyǝlərindǝ kadrların mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən birgə elmi konfrans, sərgi, seminar, simpozium və təlimlərin keçirilməsi müzakirə olunub.  

 

Görüşün sonunda BDU və Hefei Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.