Bakı Dövlət Universitetində (BDU) Karyera və məzunlarla iş Mərkəzi yaradılır. Bununla bağlı BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.

 

Məlumdur ki, universitetlərin dünya reytinqini müəyyən edən təşkilatların (QS, THE) demək olar, hamısı reytinqin müəyyən edilməsində əsas meyar kimi universitetin məzunlar və işəgötürənlər arasındakı reputasiyasını əsas götürür. Ona görə də BDU məzunlarının karyera məsələlərini daim izləyən, köməklik göstərən, bu məqsədlə əmək yarmarkaları təşkil edən mərkəzin yaradılması zərurəti meydana gəlib.

 

Elmi Şuranın qərarına əsasən, hazırda BDU-nun İnsan resursları və hüquq şöbəsinin strukturunda Karyera və məzunlarla iş sektorunun fəaliyyətinin daha da genişləndirilməsi və optimallaşdırılması, bu sahənin inkişaf etdirilməsi üçün onun bazasında müstəqil Karyera və məzunlarla iş Mərkəzi yaradılacaq.