Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının, informasiya və sənəd menecmenti fakültəsinin dəstəyi, “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə 412 nüsxə ədəbiyyat hədiyyə edilib.

 

Universitetdən bildirilib ki, hədiyyə olunan ədəbiyyatların içərisində Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, universitetin professor-müəllim heyətinin fəaliyyətini əks etdirən nəşrlər, həmçinin müəllifi olduqları dərslik və dərs vəsaitləri, bədii əsərlər yer alıb.

 

Qeyd edək ki, fevral ayının 4-də açılan kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə “Simurq” adlandırılıb.