Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 İyun - Ümumdünya Ətraf Mühit Günündə öz işinə başlayacaq


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumunun imzalanması məqsədilə görüş keçirilib.

 

Onlayn keçirilən görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, UNEC-in rektoru professor Ədalət Muradov, GDU-nun rektoru professor Yusif Yusibov,  millət vəkili, GDU-nun prorektoru dosent Pərvin Kərimzadə, ADAU-nun rektoru dosent Zəfər Qurbanov, MDU-nun rektoru dosent Şahin Bayramov və ATU-nun rektoru vəzifəsini icra edən dosent Yaşar Ömərov çıxış ediblər.

 

Birinci Vitse-Prezidentin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən görüşdə iştırakçılar Azərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfinin iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, yaşıl artım üzrə dünya təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdə insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl startapların yaradılması, “yaşıl” sektorların inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi,  beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”in müəyyən edilməsi işinə töhfə verməkdən ibarət olduğunu bildiriblər.

 

Çıxış edənlər forumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ilk yaşıl şəhər layihəsinin məhz Gəncədə reallaşdırıldığını və şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının yaşıl şəhərlər proqramında uğurla iştirak etdiyini diqqətə çatdırıblar.

 

İştirakçılar 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının əhəmiyyətini xüsusi vurğulayaraq, keçiriləcək ilk forumun da məhz həmin çərçivədə təşkil olunacağını qeyd ediblər. Bildiriblər ki, Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 İyun - Ümumdünya Ətraf Mühit Günündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixlərində Gəncə şəhərində təşkil olunacaq. Ölkəmizin digər universitetləri də Forumun üzvlüyünə qoşula biləcəklər.

 

Sonra ümumi tələbə sayı 40000 nəfərə yaxın olan 5 tərəfdaş universitetin rəhbərləri arasında layihənin reallaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.