ADPU-da Çanaqqala Zəfərinin ildönümü münasibətilə bədii tədbir keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı İstanbul Liseyinin dəstəyi, ADPU Gənc Məzunlar Assosiasiyası və ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Çanaqqala Zəfərinin 109-cu ildönümünə həsr olunmuş “Geri dönməyi düşünmədilər” adlı bədii tədbir keçirilib.

 

Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, 18 mart 1915-ci il nəinki Türkiyənin, ümumilikdə Türk və İslam dünyasının tarixinə qanla yazılmış şərəfli bir tarix, dünya tarixinin gedişini dəyişdirən misilsiz qəhrəmanlıq nümunəsidir.

 

Vurğulanıb ki, Çanaqqalada bütün türk xalqlarının nümayəndələri, eləcə də, azərbaycanlılar əzmlə savaşıb və bu döyüşlərdə 3000 soydaşımız qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Bakı İstanbul Liseyinin Türk bölməsinin rəhbəri Səid Örbeyi 18 mart gününün mahiyyəti haqqında danışıb, Çanaqqalanın vətən və millət sevgisinin zirvəsi, dünyanı heyrətə gətirən mübarizə rəmzi olduğunu diqqətə çatdırıb və İstiqlal Marşından bir hissəni səsləndirib.

 

Çanaqqala Zəfəri ilə bağlı videoçarxın təqdimatından sonra Bakı İstanbul Liseyinin şagirdlərinin hazırladığı xor nümayiş olunub.

 

Tədbirin gedişində lisey şagirdləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Mustafa Kamal Atatürkün “Güc, cəsarət, igidlik, və zərafət timsalı” olaraq qiymətləndirdiyi milli türk folklor nümunəsi “Zeybək” rəqsininin müxtəlif növlərini nümayiş etdiriblər.

 

Tədbir Bakı İstanbul Liseyinin şagirdlərinin hazırladığı “Son qala Çanaqqala’’ adlı oratoriyanın nümayişi ilə başa çatıb.