Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

Universitetin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla, mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə kadr hazırlığı, ingilis dilinin üstünlük təşkil etdiyi tədris sistemi və s. məsələlərlə bağlı dolğun məlumat verib. Eyni zamanda, universitetin yaxın dövr üçün strateji inkişaf məqsədlərini vurğulayan rektor bu çərçivədə BMU ilə TİF arasında mümkün əməkdaşlıq sahələrinə toxunub.

 

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun ali təhsil müəssisələri ilə bağlı əsas strateji fəaliyyət istiqamətləri və hər istiqamət üzrə nəzərdə tutulan prioritetləri qeyd edib. Ali təhsil ocaqları ilə qurulan səmərəli əməkdaşlıqdan gözlənilən mümkün nəticələr haqda danışan E.Nəsibov tələbələri elm və innovasiyalar yönündə davamlı fəaliyyətə cəlb etmək, eləcə də digər istiqamətlərdə TİF-in həyata keçirdiyi müxtəlif layihələri, təqaüd proqramlarını diqqətə çatdırıb.

 

Sonra nümayəndə heyəti ali təhsil müəssisəsinin infrastrukturu, yataqxanaları, o cümlədən elmi-tədqiqat fəaliyyətinə imkan verən Texnoparkı, müasir bazaya malik laboratoriyaları ilə yaxından tanış olub. Tanışlıq zamanı universitet-sənaye iş birliyinin inkişafı, elm və innovasiyalar istiqamətində faəliyyətin daha da gücləndirilməsi kimi məsələlərdən bəhs edilib, geniş potensiala malik BMU ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.