Naxçıvan Dövlət Universitetində Ümumdünya Piano Günü qeyd edilib. Universitetin rektoru Elbrus İsayev Naxçıvanda musiqi təhsilinin formalaşmasında və inkişafında ali təhsil ocağının Konservatoriyasının xüsusi rola sahib olduğunu qeyd edib. Bildirib ki, incəsənət fakültəsində ilk kafedra məhz fortepiano kafedrası olub. Vurğulanıb ki, bu kafedranın müəllimlərinin əksəriyyəti Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan sənətkarlardır. Elə bu səbəbdəndir ki, muxtar respublikanın musiqi məktəblərində, Musiqi kollecində və ali təhsil ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərir. Rektor nəinki muxtar respublikada, eyni zamanda ölkəmizdə öz sahəsində seçilən fortepianoçuları təbrik edib, onlara uğurlar  arzulayıb.

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nazilə Qardaşbəyova əlamətdar günün tarixindən danışıb. Diqqətə çatdırıb ki, məşhur alman musiqiçisi, bəstəkarı Nils Frahmın təşəbbüsü ilə ilin 88-ci günündə bütün dünya bu ecazkar çalğı alətinin gününü qeyd edir. 88-ci tarix isə pianonun həmin sayda dillərinin olması ilə əlaqədardır.

 

Sonda fortepiano kafedrasının konsert proqramı təqdim olunub.