Azərbaycanlı qızlar dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində oxumaq şansı qazanıblar. Belə ki, Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova “Astrofizika” ixtisası üzrə Harvard Universiteti, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə isə “Biotibbi mühəndislik” ixtisası üzrə Kolumbiya Universitetindən qəbul alıb.

 

Qeyd edək ki, onların hər ikisi  yerli və beynəlxalq fənn olimpiadalarında iştirak ediblər.

 

Qəndab Məmmədova 2021, 2022 və 2023-cü illərdə fizika fənni üzrə Respublika Fənn Olimpiadalarında iştirak edərək hər il üzrə gümüş medal qazanıb. Həmçinin 2021, 2022 və 2023-cü illərdə Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına (IOAA), 2022-ci ildə Beynəlxalq Fizika Olimpiadasına (IPHO), 2023-cü ildə isə Beynəlxalq Jautikov Olimpiadasına (IZHO) qatılaraq ölkəmizi layiqincə təmsil edib.

 

Dəniz Məmmədzadə isə 2022-ci ildə riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarında iştirak edərək bürünc medala layiq görülüb.