Aydan Abbasquliyeva: “Böyük Britaniyada gənclərimiz ölkəmizi kifayət qədər yaxşı təmsil edirlər”


Son illər dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərin sayı artır. Onların arasında elmi tədqiqatlara maraq göstərənlər də az deyil.  İstedadlı gənclərin dövlətin diqqət və qayğısının nəticəsi olaraq xaricdə təhsillə yanaşı, elmi tədqiqatlarda iştirak etmələri ölkəmizin gələcək elmi potensialının gücləndirilməsində əhəmiyyətli faktordur.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 28 fevral 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil  almaq imkanı qazanan gənclərdən biri də Aydan Abbasquliyevadır.  O,  hazırda  Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) “Dövlət idarəetməsi” ixtisası üzrə magistratura təhsili alır.

 

Tanıtım: Aydan Abbasquliyeva 2019-cu ildə ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə bakalavr təhsilini başa vurub. Bakalavr təhsili  dövründə, mübadilə proqramı ilə Erasmus+ təqaüdü qazanaraq təhsilini bir semestrlik Türkiyənin Koç Universitetində davam etdirib. Təhsilini yüksək qiymətlərlə başa vuraraq dəfələrlə Yüksək Performanslar (High Performances) və Rektorun siyahısında (Rector’s List of Honor) yer alıb. Həm tələbəlik illərində, həm də ADA Universitetini bitirdikdən sonra özəl və dövlət qurumlarında marketinq, PR və kommunikasiya departamentlərində müvafiq sahələrin mütəxəssisi olaraq çalışıb. Elektron Hökumətin İnkişafı Mərkəzində (indiki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) fəaliyyət göstərdiyi dövrdə müxtəlif layihələrdə iştirak edib. Beş illik ümumi əmək fəaliyyətini “Coca-Cola Bottlers” şirkətində başa vurduqdan sonra ali təhsil yoluna davam edib...  

 

- Ölkəmizdə gənclərin xaricdə təhsili üzrə bir sıra Dövlət Proqramları icra olunur. Bu Proqramların sosial əhəmiyyətini necə qiymətləndirərdiniz?

 

- Dövlət proqramı ölkənin ümumi təhsil səviyyəsini artırmaq, gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını genişləndirmək, potensial kadrlar hazırlamaq və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının inkişafı yolunda atılmış əhəmiyyətli bir təşəbbüsdür. Nəzərə almaq lazımdır ki, dünyanın sayılıb- seçilən universitetlərində təhsil almaq çətin olduğu qədər də bahadır. Ölkəmizdə kifayət qədər savadlı və bu cür universitetlərdə təhsil almaq bacarığına malik gənclər olsa da, maliyyə səbəbindən bu fürsətlərdən yararlana bilməyənlərin sayı çoxdur. Dövlət proqramı savadlı və bacarıqlı gənclərin bu imkandan yararlanması üçün əvəzedilməz fürsətlər yaradır. Eyni zamanda, xarici ölkələrdə yaşayıb təhsil alan tələbələr buradakı şirkətlərdə təcrübə proqramları keçərək qazandığı təcrübələri Azərbaycana qayıtdıqdan sonra müvafiq qurumlarda tətbiq edə biləcəklər. Artıq dünyanın inkişaf etmiş ölkələrinin yüksəkreytinqli universitetlərində təhsil alan yüzlərlərə azərbaycanlı tələbə ölkəmizi təmsil edir. Bu, həm də ölkəmizin və mədəniyyətimizin tanınması , Azərbaycanın təhsil sahəsinə nə dərəcədə önəm verməsinin beynəlxalq müstəvidə göstərilməsi üçün çox əhəmiyyətlidir.

 

- “2022-2026-cı illər Dövlət Proqramının qaliblərindənsiniz. Xaricdə magistratura təhsili almağınız hansı zərurətdən irəli gəldi?

 

- Bakalavr təhsilimi tamamladıqdan sonra hər zaman tam ali təhsil almağı özümə məqsəd bilmişəm. Sadəcə, hansı sahədə təhsilimi davam etdirəcəyimi hələ dəqiqləşdirə bilməmişdim. Professional iş təcrübəsi qazandıqdan sonra qərara gəldim ki, cəmiyyətə faydalı ola biləcək və ölkəmizin inkişafına töhfə verəcək işlər görmək istəyirəm. Eyni zamanda, bilik və bacarıqlarımı bu sahə üzrə öz sözünü demiş, tanınan və güvənilən xarici təhsil müəssisəsində təhsil alaraq artırmaq istəyirdim. Xaricdə təhsil almaq mənim üçün həm fərqli təhsil sistemini təcrübədən keçirmək, müxtəlif dövlət idarəetmə modelləri ilə bağlı biliklərə yiyələnmək, həm də xarici ölkələrin dövlət və ictimaiyyətin inkişafı yolunda atdığı addımları mənimsəmək baxımından çox önəmli idi. Düşünürəm, inkişaf üçün üfüqləri genişləndirmək, məsələləri fərqli aspektlərdən dəyərləndirmək çox önəmlidir. Dövlət Proqramının prioritet universitetlər siyahısını nəzərdən keçirdikdən sonra “Dövlət idarəetməsi” ixtisasına bu sahə üzrə dünya universitetləri siyahısında Harvard və Oksforddan sonra üçüncü yerdə olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) davam etdirməyin məqsədəuyğun olduğu qərarına gəldim.

 

- “Dövlət idarəetməsi” ixtisası sizin üçün nə dərəcədə cəlbedici bir sahədir? Özünüzü bu sahədə necə görürsünüz?

- Hər bir universitetin ekspert olduğu ixtisaslar fərqlidir. Qeyd etdiyim kimi, LSE sosial elmlər üzrə dünya universitetləri siyahısında Harvard və Oksforddan sonra üçüncü yerin sahibidir. Burada dövlət sahəsində çalışmış və ya hazırda da çalışan professorlar mövzulara təkcə nəzəri yox, həm də praktiki nöqteyi-nəzərdən yanaşdıqları üçün onlardan əldə etdiyim biliklər çox dəyərlidir. Dövlət idarəetməsi sahəsi cəmiyyətimizin rifahı, ölkənin inkişafı üçün böyük önəm daşıyır. Gələcəkdə özümü ölkəmizdə görmək istədiyim dəyişikliklərin bir parçası olaraq görürəm. Karyeramı hansı istiqamətdə davam etdirirəmsə-etdirim, yiyələndiyim biliklər və mənimsədiyim təcrübələri cəmiyyətimizin inkişafı yolunda istifadə etməyi düşünürəm.

 

- Hazırda Britaniyada kifayət qədər azərbaycanlı gənc təhsil alır. Tələbələrimizin şəbəkələşməsi, fəallığı barədə nə deyə bilərsiniz?

- Fikrimcə, Böyük Britaniyada təhsil alan gənclərimiz ölkəmizi kifayət qədər yaxşı təmsil edirlər. Onlayn platformalardakı mövcud qruplarda müxtəlif şəhərlərdə yaşayan tələbələrin sosial aktivliklərini daim izləyirəm. Azərbaycanla bağlı milli əlamətdar günlər  daxil olmaqla müxtəlif tədbirlər, şəbəkələşmə görüşləri mütəmadi olaraq Britaniya universitetlərində keçirilir. Hətta bu il 20 mart tarixində İmperial Kollec London Universitetində təhsil alan Samir Rzayevlə birgə İmperial Kollec London və LSE tələbələrinin iştirakı ilə "Land of Fire" restoranında Novruz tədbiri keçirdik. Tədbirdə Hindistan, Amerika Birləşmiş Ştatları, İtaliya, Pakistan, Çin, Almaniya, Kolumbiya, Meksika kimi müxtəlif ölkələrdən xarici tələbələrə Novruz dəyərlərimizi, mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmağa çalışdıq. Tədbirdə yumurta döyüşü, Azərbaycanla bağlı intellektual suallardan ibarət "quiz" kimi əyləncələr təşkil edərək qaliblərə ölkəmizlə bağlı hədiyyələr verdik.  Göründüyü kimi, Dövlət Proqramı təkcə təhsilin inkişafı yox, həm də Azərbaycanın tanıdılması üçün çox əhəmiyyətlidir.


- Britaniya ali təhsil sistemində, eləcə də təhsil aldığınız ali məktəbdə sizin üçün  maraqlı  olan hansı tədris ənənələrini, innovasiyaları qeyd edə bilərsiniz? Hansı LSE ənənələrini Azərbaycan universitetlərində  görmək istərdiniz?    

- Britaniyanın ali təhsil sistemi, öz tədris metodologiyası və ənənələri ilə tanınır ki, bu da dünyanın dörd bir yanından tələbələri cəlb edir. LSE həm təhsilin keyfiyyəti, həm də tədqiqat imkanları ilə seçilir. Azərbaycan universitetləri üçün Britaniyanın və xüsusilə LSE-nin tədris ənənələrini və innovasiyalarını örnək götürmək faydalı ola bilər.
    

LSE-də tələbələrə, sadəcə nəzəri biliklər öyrədilmir, həmçinin bu bilikləri kritik şəkildə dəyərləndirmək və yeni fikirlər yaratmaq qabiliyyətləri verilir. Təhsil aldığım ADA Universiteti bu yanaşmanı tətbiq etməkdədir. Azərbaycanın digər universitetlərində də bu yanaşmanın gücləndirilməsi, tələbələrin daha müstəqil və yenilikçi düşünmələrinə kömək edə bilər.
   

Həmçinin, LSE, tədqiqatla əlaqəli dərsləri və layihələri ilə tanınır. Tələbələr, öz sahələri üzrə real dünya problemləri üzərində işləyir və bu, onların tədqiqat bacarıqlarını, peşəkar inkişafını gücləndirir. Azərbaycan universitetlərində də bu cür tədqiqat əsaslı təlim yanaşmasını gücləndirmək, tələbələrin daha işgüzar və tədqiqatçı olmalarına kömək edə bilər.  Qeyd edim ki, LSE geniş beynəlxalq tələbə və müəllim heyətinə sahibdir. Belə ki, oxuduğum ixtisasda təhsil alan ingilis tələbə yoxdur. Xarici heyətin çoxluğu təhsil mühitini daha qlobal və çoxşaxəli edir. Azərbaycan universitetlərində də beynəlxalq tələbə mübadiləsi proqramlarının və beynəlxalq müəllimlərin say etibarilə artırılması, tələbələrə daha geniş dünyagörüşü təqdim edə bilər.
  

Bundan əlavə, LSE-də hibrid dərslər keçirilir. Ələlxüsus, pandemiya dövründə bunun önəmini hər birimiz anladıq. Pandemiya bitsə də, bu ənənə bəzi fənlər üzrə  davam etdirilir. Hibrid fənləri təqdim etməklə,  LSE təhsilin keyfiyyətini daha da yaxşılaşdırmağı hədəfləyir. Azərbaycan universitetləri bu cür elastik öyrənmə formatlarını tətbiq edərək tələbələrə müxtəlif şəraitlərdə təhsil alma imkanı yarada bilərlər.

 

- Müəllimləriniz tələbələri elmi tədqiqatlara motivasiya edirmi? Müəllim-tələbə münasibətləri necədir?

- LSE Araşdırma Mükəmməliyi Çərçivəsinin (REF) qiymətləndirməsinin nəticəsi olaraq araşdırma sahəsində dünya lideri kimi dəyərləndirilib. Bunun nə demək olduğunu burada təhsil almağa başlayandan sonra anladım. Dərslərimizin məzmunu yüksək dərəcədə araşdırmaya yönəlikdir. Müəllimlər, tələbələri müstəqil düşünməyə, kritik analiz etməyə və öz araşdırmalarını aparmağa təşviq edərək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmələrinə yardımçı olurlar. LSE-də tələbələrə mentorluq edən müəllimlər, onlara ilham verən və tədqiqat maraqlarını dəstəkləyən bir mühit var. Müəllimlər, tələbələrin suallarını cavablandırmağa, onların akademik və peşəkar inkişafına yardım etməyə açıqdırlar. Tələbələr, həm dərs müddətində, həm də dərsdənkənar fəaliyyətlərdə müəllimləri ilə məsləhətləşə bilirlər. Bu açıq və qarşılıqlı hörmətə əsaslanan münasibət, tələbələrin öyrənmə və inkişafı üçün əlverişli bir mühit yaradır.

 

- Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Gələcək hədəfim karyeramı ölkəmizə və cəmiyyətimizə faydalı olacaq yöndə davam etdirməkdir. Gördüyüm işlərin cəmiyyətdə fərqlilik yaratması ən böyük məqsədlərimdən biridir. Eyni zamanda, akademik karyerada yer alaraq gələcək potensial kadrların yetişdirilməsi və onları dövlət idarəetməsi yönündə ehtiyac duyulan sahələrlə bağlı təlimləndirməkdir.

 

Oruc MUSTAFAYEV