BDU tələbəsi, I qrup əlil Yağmur Kərimova: “Müəllimlər həm dərs prosesində, həm də universitet dəhlizlərində istənilən məsələdə mənə kömək edirlər”


Rəngsiz, dumanlı, qarışıq... Bu, onun gözündəki dünyadır. Bəs, könlündəki, düşüncələrindəki, hədəfindəki dünya necədir?

 

Adı Yağmur Kərimovadır. 32 yaşındadır. Bakı Dövlət Universitetinin tələbəsidir. İnformasiya və sənəd menecmenti fakültəsində “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alır. I qrup gözdən əlildir. Bəlkə gözü dünyanı bulanıq, rəngsiz görür, amma beynində hədəfləri çox aydın, ürəyindəki arzuların rəngi al-əlvandır.

 

Gözü dünyanı görməsə də, dodaqları gülümsəməyi bacaran gözəl üzlü Yağmur Kərimovanın uğur qapısı açıqdır. Bu qapıdan keçib onun rəngi qaçmış dünyasına biz də daxil olduq, qarışıqlıq içində əmin addımlarla istiqamətləndiyi hədəflərini görmək istədik. Müəllim olmağı arzulayan gənc qızın qaranlıqda parlayan uğur hekayəsini özündən dinlədik.

 

Rəngli uşaqlıq

 

Yağmur 1992-ci ildə Salyan rayonunun Quyçu kəndində anadan olub. Kənddəki Z.Hüseynov adına ümumi orta təhsil müəssisəsində ümumi orta təhsil alıb. Tam orta təhsil almaq üçün qonşu kəndə gedib, Qızılağac kənd tam orta məktəbindən məzun olub. Məzun Gününü təntənəli şəkildə sinif yoldaşları ilə birlikdə qeyd edib. O vaxt hələ gözlərində işıq güclü, rənglər parlaq idi. Amma xəstəliklə mücadilə aparırdı: “Xəstəliyim ilk əlamətlərini biruzə verəndə XI sinfə yeni başlamışdım. 8 aylıq müalicədən sonra məlum oldu ki, həkim səhv edib, əslində zob yox, beynimdə şiş var. Burda mümkün olmadı, Türkiyədə əməliyyat olundum”.

 

10 saat sürən ağır əməliyyatdan sonra şişdən xilas olub, amma gözləri üçün artıq çox gec idi. Görmə sinirinin atrofiyası diaqnozu qoyuldu: “Müalicə səhv getmişdi, görmə sinirim zədələnmişdi. İndi I qrup əliləm. Gözlərimdən biri ümumiyyətlə görmür, ikincisinin görmə qabiliyyəti 3 faiz təşkil edir”.

 

Rəngi qaçmış gənclik

 

Bu faizlə gördüklərini belə ifadə edir: “Rəngsiz, dumanlı, qarışıq”.

 

Gördüyü, bildiyi dünyada rənglərin solmasını, aləmin qarışmasını, hər yeri duman almasını qəbul etmək elə də asan olmayıb. Dinləməyi belə asan olmayan hekayəsini o, gülümsəyərək, heç qəhərlənmədən anladır: “Qəbul etmək mənim üçün çətin oldu. Amma artıq barışmışam. Alışdığım yerlərdə rahat hərəkət edirəm, amma ilk dəfə olduğum məkanlarda çətinlik çəkirəm”.

 

Məzun olsa da, ali təhsil müəssisələrinə sağlıq problemləri üzündən qəbul imtahanlarında iştirak edə bilməyən Y.Kərimova bir müddət boz-bulanıq dünyasına çəkilib. Rənglərin gözündən düşməsi ilə əlini-ətəyini arzularından da çəkib, ta pandemiya dövrünə qədər: “Anam riyaziyyat müəllimidir. Pandemiya dövründə evdən onlayn qaydada dərs keçir, məcburən mən də dərslərdə danışılanları, anamın keçdiyi mövzular barədə eşidirdim. Onların barəsində danışdıqları çox şeyi bildiyimin fərqinə vardım. Televiziyalardan həmin vaxt tez-tez eşidirdim əlillər üçün yaradılan şərait barədə.  Şərait yaradılıbsa, mən niyə istifadə etməyim-, deyə düşündüm. Tələb olunan fənlər üzrə məlumatlıyam, biliyim var. Məktəbdə yaxşı oxumuşdum. Odur ki, qərar verdim və ailəm də məni dəstəklədi”.

 

Qərarlı tələbəlik

 

Amma məsləhətçiləri onu XI sinifdən deyil, IX sinifdən buraxılış sənədi ilə keçirilən müsabiqəyə qatılmağa razı salıb. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yaxşı nəticə göstərərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olub. Əyani oxumaq onun üçün çətin olacaqdı, odur ki, bu təhsildən məcburən imtina etməli olub: “Sonra ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəyə qatılmaq qərarına gəldim. Bu dəfə yazdığım ixtisasların hamısı qiyabi idi”.

 

Dünəndən universitetdə dərsləri başlayıb: “Universitetə ilk dəfə gələndə qorxurdum. Ancaq qorxmağa dəymədiyini çox keçmədən anladım. Artıq 4-cü semestrə başlamışam. Təhsilim uğurla davam edir. Universitetin qapısından daxil olduğum andan hər kəs köməyini təklif edir. Heç çətinliyim yoxdur. İmtahanlarda çox vaxt qardaşım mənimlə gəlib, sualları oxuyur və cavablandırmağıma kömək edir. Olmasa da, narahat deyiləm. Müəllimlər həm dərs prosesində, həm universitet dəhlizlərində istənilən məsələdə mənə kömək edirlər”.

 

Hədəf müəllimlikdir

 

Yağmur təhsilini başa vurduqdan sonrakı dövr üçün qurduğu xəyallardan, nəzərdə tutduğu planlardan da danışıb: “Kəndimizdə kitabxana var, amma vakansiya yoxdur. Həm də müəllimlik xəyalım olub həmişə. Tarix müəllimi olmaq istəyirəm. Ona görə ixtisasımı dəyişmək fikrindəyəm. İxtisasartırma kursuna qatılaraq tarix müəllimliyi üzrə ixtisaslaşacağam”.

 

Ruhiyyə DAŞSALAHLI