"Xüsusi internat məktəblərində uşaqların sayı ildən-ilə azalır. Ancaq xüsusi təhsil müəssisələrinin bağlanması planda yoxdur". 
 
Bunu "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.
 
O xüsusi məktəbləri, xüsusi sinifləri zəruri edən halların mütləq olacağını hesab etdiyini bildirib.
 
"Elə uşaqlar var ki, onun ehtiyacı xüsusi məktəbdə təhsili zəruri edəcək, ya da uşağa hansısa dövrdə, müəyyən müddətdə xüsusi sinfə cəlb edilməsi vacib olacaq. Misal üçün ağır davranış pozuntusu olan uşaqlar – özlərinin yaxud başqaların sağlamlığına təhlükə yaratdıqda, internat tipli təhsil müəssisələrində bir müddət təhsil almaları tələb oluna bilər. Bəlkə uşağın təhsilinin ilkin mərhələsində ixtisaslaşmış müəssisədə təhsil almasına ehtiyac yaranacaq. Misal üçün, görmə qabiliyyətini qismən, yaxud tam itirmiş uşaqlara brayl əlifbasının və mühitdə istiqamətlənmənin öyrədilməsi üçün, yaxud eşitmə qabiliyyətini tam itirmiş uşaqlara işarət dilinin öyrədilməsi üçün. Ya da xüsusi məktəblər resurs mərkəzi kimi fəaliyyət göstərəcək, buradakı mütəxəssislər ümumi təhsil müəssisələrindəki müəllimlərin təlimləndirilməsində iştirak edə bilərlər. Odur ki, xüsusi məktəblərin bundan sonrakı mərhələdə bağlanması müzakirə mövzusu olmasa da, genişləndirilməsi, sayının artması da planda yoxdur" - deyə Anar Xələfov qeyd edib.