Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb.

 

Rektor bildirib ki, elmi, mədəni əlaqələrin daha gücləndirilməsi hər iki ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir:

 

“Biz öz işimizlə elmi, mədəni əlaqələrin qurulmasında üzərimizə düşən bütün öhdəlikləri böyük məmnunluqla həyata keçirməliyik. Bu yaxınlarda bizim əməkdaşımız Serbiyada, Belqrad Universitetində səfərdə olub. Səfər çox uğurlu alınıb. Qarşılıqlı elmi, mədəni əlaqələrin inkişafı baxımından mərkəzlər arasında kommunikasiyanın olması vacib məsələlərdən biridir. Bu mənada hər iki tərəf öz məmnuniyyətini və görülən işin faydalılığını önə çəkir.

 

Bu gün Azərbaycan və Serbiya hökumətləri və xalqları arasında səmimi bir münasibət var. Bu münasibət bizə daha sıx əməkdaşlıq əlaqələri qurmağa, inkişaf etdirməyə, öyrənməyə, ölkələrimizi dünyada daha çox təbliğ etməyə şərait yaradır. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək”.

 

Görüş qarışılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi ətrafında aparılan müzakirələrlə başa çatıb.