Bu gün Bakıda 3-cü Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı (Experieantal Learning Conference) keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə öz təqdimatında 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin qarşısında duran əsas vəzifələrdən və hədəflərdən, həmçinin son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlərdən danışıb. K.Kərimzadə qeyd edib ki, hazırda olan əsas təhsil hədəfləri ölkəmizin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin yaxşılaşdırılması və universitetlərimizin dünyada "TOP-800"lükdə 3 universitetlə təmsilinə nail olunmasıdır.
 
Avropa Azərbaycan Məktəbinin baş direktoru Françesko Bançini "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, konfransın əsas məqsədi təhsil liderlərindən ən müasir yanaşmaları öyrənmək, təhsil sahəsində müzakirə aparmaq, yeni ideya və strategiyaları araşdırmaqdır. O, həmçinin müsahibəsində qeyd edib ki, bu konfrans təhsil ictimaiyyətini bir araya toplamaq üçün əla fürsətdir. Burada Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə və digər ölkələrdən nümayəndələr iştirak edir. Onun sözlərinə görə, konfrans çərçivəsində həm beynəlxalq, həm də yerli səviyyədə bilik və müəllimlərlə təcrübə mübadiləsi aparılacaq.
 
Finlandiyanın sabiq təhsil naziri və hazırda Beynəlxalq Bakalavriat Təşkilatının (IB) baş direktoru olan Olli-Pekka Heinonen "Azərbaycan müəllimi"nə açıqlamasında Bakıda olmaqdan məmnunluq duyduğunu deyib və keçirilən konfransın əhəmiyyətindən danışıb:
 
"Bu konfransın praktiki təşkilatçısı Beynəlxalq Bakalavriat Təşkilatıdır.Tədbirdə Kurikulumun təkmilləşdirilməsi, yeni təhsil yanaşmalarının inkişafı, yeni pedaqoji həllər, müəllimlərlə, direktorlarla bu məsələni müzakirə edəcəyik. Həmçinin konfrans bu təcrübələri onların bir-biri ilə təcrübə paylaşmasına və yeni şeylər öyrənməsinə şərait yaradacaq. Bundan başqa, konfransın yekunu olaraq yeni ideyalar və təhsil çağırışları formalaşacaq".
 
Qeyd edək ki, xarici və yerli təhsil mütəxəssislərinin, direktor və müəllimlərin bir araya gəldiyi konfrans 3 gün davam etməklə 60-dan çox seminarı əhatə edəcək.
 
 
Vaqif FƏTULLAYEV