Fənn olimpiadaları keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Statistik məlumatlar onu göstərir ki, əvvəkli illərlə müqayisədə Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayı xeyli artıb. Belə ki, fənn olimpiadalarında 2022-2023-cü illərdə 45933 şagird iştirak edib. Bu il isə 57 483 şagird olimpiadaya qatılıb, finala 1029 şagird  vəsiqə qazanıb. Qeyd edək ki, olimpiadaların final mərhələsinin aprelin sonunda keçirilməsi nəzərdə tutulub. 

 

“Şagirdlərin istedadının üzə çıxarılmasında fənn olimpiadalarının rolu böyükdür”

 

Təhsil eksperti Kamran Əsədov “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd edib ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır:  “Əvvəllər olimpiada işi ədalətli və şəffaf deyildi. Sonralar bu işdə dönüş yarandı. Həm olimpiada hərəkatı gücləndi, həm də bu fəaliyyətə şəffaflıq, ədalət və dürüstlük gəldi. Yalnız şagirdin qabiliyyəti meyar oldu. Hazırda bu estafet davam etdirilir. Son 3 il ərzində məktəblilər arasında fənn olimpiadaya maraq daha da güclənib”. 

 

K.Əsədov vurğulayıb ki, olimpiadalar yerli, regional və beynəlxalq olmaqla, müxtəlif fənlər üzrə təşkil edilir. Burada əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməkdir: “Fənn olimpiadaları orta məktəb şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir ki, qəbul imtahanlarında yüksək bal toplayanlar elə həm də olimpiada qalibləridir. Etiraf etməliyik ki, təhsil sahəsində görülən işlərin nəticəsi meydana çıxır, uşaqlar arasında rəqabət yaradılır. Bu da onları həvəsləndirir. Konkret olaraq, son 5 il ərzində olimpiada həm təşkilati, həm məzmun baxımından yüksək səviyyədə keçirilib”.

 

Təhsil eksperti əlavə edib ki, istedadlı şagirdləri vaxtında aşkar etməklə, onları qabiliyyətlərinə uyğun istiqamətləndirməklə gələcəkdə ölkə üçün güclü elm adamları, mühəndislər, iqtisadçılar, həkimlər və ixtisasından asılı olmayaraq fərqli düşünən, analiz qabiliyyəti çox yüksək olan mütəxəssislərin yetişməsinə nail olmaq mümkündür: “Fənn müsabiqələrinin məntiqi nəticəsi istedadlı uşaqları kəşf etməkdir. Olimpiadalarda məktəblilərin əldə etdikləri uğurlara əsasən, qətiyyətlə  onların elmi potensialının yüksək olduğunu demək olar. İndi onların sorağı ABŞ, Çin, Koreya, Türkiyə, Rusiya, Avropa ölkələrinin nüfuzlu universitetlərindən gəlir. Dünyanın bütün universitetləri bu cür uşaqları öz tələbəsi kimi görmək istəyir. Onları cəlb etmək üçün yüksək təqaüdlər belə ayrılır. Uzağa getməyək, qonşu Türkiyədə xaricdən gələn olimpiada qaliblərinə, nəinki universitetlər, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) da ciddi məbləğdə təqaüd ayırır. Bir məqamı qeyd edim ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının sualları beynəlxalq standartlara uyğun şəkildə tərtib olunur”.

 

“Olimpiadalar həm də şagirdlər arasında sağlam rəqabət yaradır, məktəblilərin gələcək karyeralarının müəyyən olunmasında müsbət rol oynayır”

 

Təhsil eksperti Nadir İsrafilov isə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, vacib və əhəmiyyətli məqamlardan biri fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələrin müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Bu da olimpiadanın nəticələrində maraqlı tərəflərin bu prosesə diqqət və məsuliyyəti baxımından zəruri şərtlərdən biridir:

 

“Ölkəmizdə olimpiada hərəkatının geniş vüsət alması sevindiricidir. Qazanılan qızıl, gümüş və bürünc medalların sayı durmadan artır,  məktəblilərimizin sorağı ən mötəbər bilik yarışlarından gəlir. Bu, hər şeydən əvvəl onun nəticəsidir ki, fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında mütəmadi olaraq müvafiq və zəruri dəyişikliklər edilir, fənn müsabiqələrinin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər. Olimpiadalarda qalib olanların imtahansız ali təhsil almaq hüququna malik olması və digər bu kimi stimullaşdırıcı tədbirlər məktəblilərin olimpiadaya maraq və həvəsini daha da artırır, onların inam və güvənini bir qədər də gücləndirmiş olur. Olimpiadalar həm də şagirdlər arasında sağlam rəqabət yaradır, məktəblilərin gələcək karyeralarının müəyyən olunmasında müsbət rol oynayır. Buna görədir ki, son illər Respublika və Beynəlxalq fənn olimpiadalarında qalib gələn şagirdlərin sayında artım müşahidə edilir”.

 

Rəşad ZİYADOV