Eqor Yablokov: “Əsas vəzifə Azərbaycan universitetlərinin daxilində güclü elmi mərkəzlərin yaradılmasıdır”


Təhsil sahəsində aparılan struktur dəyişikliklərindən sonra elm və təhsilin inteqrasiyası, universitetlər və elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində bölüşən ali təhsil sahəsində beynəlxalq ekspert, “E-Quadrat Science & Education” (Almaniya) şirkətinin direktoru Eqor Yablokov qeyd edir: “Mühüm vəzifələrdən biri ali təhsil müəssisələrində həqiqi elm mühitin formalaşmasıdır. Elə bir mühit ki, həm universitet əməkdaşları, həm də yuxarı kursların tələbələri cəlb olunsun”.

 

- Müasir universitet sovet təhsil sistemindən öyrəşdiyimiz kimi, müəllim və tələbələrdən, mühazirələrdən ibarət deyil. Bütün dünyada yaxşı universitetlər bir qədər fərqli prinsiplər üzrə işləyirlər. Elmi araşdırmalarla məşğul olan tədqiqatçı konkret mövzu üzərində çalışır. Məsələn, tətbiqi riyaziyyat və ya digər fundamental tədqiqat mövzusu üzrə araşdırma aparan tədqiqatçı öz ətrafında elmi qrup yaradır. O, universitetdən və ya dövlətdən qrant, digər daimi maliyyələşmə alır, bu, xarici və qarışıq maliyyələşmə sistemi də ola bilər. Tədqiqatçı öz ətrafında müəyyən sayda tələbələr qrupu formalaşdırır. Bu qrup universitet çərçivəsində, hansısa abstrakt mövzuda yox, konkret əhəmiyyət kəsb edən istiqamətlərdə araşdırmalara başlayır və ya bu universitetdə digər elmi qruplar tərəfindən aparılan tədqiqatlara qoşulurlar. Bundan əlavə, yaxşı universitetlərdə beynəlxalq fəaliyyət, onların imkanları, xaricdən elmi rəhbərləri də var. Onlar  tərəfdaş universitetlərlə elmi istiqamətlərdə araşdırmalar aparırlar. Məhz bununla da tələbələr müvafiq olaraq erkən kurslardan, deyək ki, 3-cü kursdan real tədqiqat fəaliyyətlərinə başlayırlar. Tələbələr elmi tədqiqatların metodologiyalarını, qaydalarını, hipotezlərin qoyulmasında iştirak etməyi, elmi təcrübələrin aparılmasını öyrənməlidirlər. Hansı sahədə - humanitar və ya fundamental asılı olmayaraq elmi metodologiyalar hər yerdə bu və ya digər dərəcədə eynidir. Bununla da tələbələrin təmsil olunduğu elmi qrup sürətlə böyümə imkanı əldə edir. Bu qruplara həm yuxarı kurs tələbələrini, aspirantları, əgər tibdən danışırıqsa, oradakı ordinatorları, internləri, ixtisaslaşma xüsusiyyətindən asılı olaraq müasir əcnəbi universitetlərdə rast gəldiyimiz rezidentləri də qoşmaq olar.

 

“Azərbaycanda bir neçə universitet bu istiqamətə doğru addım atmağa başlayıb”

 

- Sizcə, tədqiqat universiteti statusu qazanmaq yolunda əsas vəzifə nə olmalıdır?

- Əsas vəzifə Azərbaycan universitetlərinin daxilində güclü elmi mərkəzlərin yaradılmasıdır. Azərbaycanda bir neçə universitet var ki, artıq bu istiqamətdə düzgün addımlar atmağa başlayıblar. Burada heç şübhəsiz ki, dövlət tərəfindən dəstək mühüm amildir. Lakin bu, öz-özünə baş verməyəcək. Bu, sırf  akademik təhsil verən universitetdən, tədqiqat universiteti adlandırılan ali məktəbə transformasiyanı nəzərdə tutur.

 

Bu, həddən artıq həssas mövzudur. Ona görə ki, universitetin akademik heyəti, elmlə məşğul olan insanlar öz işlərini yenidən qurmalıdırlar. Onlar həftənin 5 günü, bəlkə də 6 gün tədrislə məşğuldurlar, mühazirələrə hazırlaşır, bəzən də çox kiçik elmi məqalələr yazırlar. Tədqiqat universitetinə keçdikdən sonra isə onlar öz iş rejimlərini köklü surətdə yenidən gözdən keçirməli, deyək ki, 3-4 gün tədqiqatla, bir gün isə tədrislə məşğul olmalıdırlar. Deməli, tamamilə başqa cür işləmək lazımdır. Ancaq hansısa professordan, assistentdən danışırıqsa, onun birdən-birə başqa cür işləməyə motivasiyası haradan olacaq? Hansısa motiv olmalıdır. Bu yolu keçən bir çox ölkələrdə universitetlərdə elmin inkişaf etdirilməsi, onların tədqiqat universitetlərinə transformasiyanı təmin etmək üçün dövlət tərəfindən maliyyə ayrılıb.Yəni, maliyyə vəsaiti sırf elmi tədqiqatlara deyil, mövcud ali məktəblərin tədqiqat universitetlərinə çevrilməsi üçün ayrılıb. O mənada ki, ali məktəblər özlərində elmi mərkəzlər yarada, onları komplektləşdirə, professor-müəllim heyəti üzvlərinin tədqiqatçılıq  mövqelərinə keçməsini təmin edə bilsinlər. Bundan əlavə, universitetlərdə elmin təşkili üçün vakant yerlərə müsabiqə elanı verilməlidir ki, ölkədəki, eləcə də xaricdəki gənclər də Azərbaycana, vətənə gəlib bu mövqeləri tuta bilsinlər. Ancaq insanların yeni rejimdə işləməsini motivasiya etmək lazımdır.

 

Digər bir problem də bundadır ki, elmə yeni cəlb olunan insanların tədqiqat universiteti çərçivəsində işləməyə başlamaq üçün zəruri səriştələri çatmır. Yenə də onları tədqiqatçılıq fəaliyyətlərinə həvəsləndirmək üçün  müvafiq qurumlar tərəfindən impuls olmalıdır. Bu impuls dövlət, nazirlik tərəfindən universitetlərə verilməlidir.

 

“Həm universitetlər, həm də tədqiqat institutları üçün hədəf qoyulmalıdır”

 

- Təhsil və elmi müəssisələr arasında əlaqələrin güclənməsi hansısa keyfiyyət dəyişikliklərinə gətirə bilərmi?

- Bu, çox doğru istiqamətdir və böyük effekt verə bilər. Bilirəm ki, əvvəllər akademiyaya aid olan bir neçə elmi tədqiqat institutu universitetlərlə qarşılıqlı fəaliyyətə dair əməkdaşlıq haqqında memorandum imzalayıb. Çox vacibdir ki, bu razılaşmalar  kağız üzərində qalmasın, real birgə fəaliyyətə çevrilsin. Burada nələri gözdən keçirə bilərik? Əlbəttə, bu, o vaxt real olacaq ki, bu əməkdaşlıq formulu həm tədqiqat institutlarına, eləcə də universitetlərin özlərinə lazım olacaq. Bu, dövlətin təşəbbüsüdür. Buna görə də bir tərəfdən fəaliyyət üçün stimul yaradılmalıdır.

 

Digər tərəfdən universitet-elm müəssisələrinin birgə əməkdaşlığı üçün hansısa qrant maliyyələşməsi barədə düşünmək olar. Həmçinin dövlət tərəfindən çox düzgün monitorinq (smart.monitoring) aparılmalıdır ki, tərəflər  real olaraq nə işlər görürlər, razılaşmanın ruhuna uyğun əməkdaşlıq edirlərmi, hansısa birgə tədqiqat layihələri icra olunur? Universitetdən nə qədər tələbəyə tədqiqat institutundan elmi rəhbər ayrılıb və ya nə qədər tələbə müəyyən vaxt ərzində bu və ya digər elmi tədqiqat müəssisəsində təcrübə keçir? Universitet elmi-tədqiqat institutundan hansısa elmi layihə əldə edibmi?  Eyni zamanda universitet elmi- tədqiqat müəssisəsinə nə verir? Bunlar daimi olaraq  qurumlar arasında əməkdaşlığın monitorinqini izləməyə imkan verir. Həm universitetlər, həm tədqiqat institutları əməkdaşlığa başlaya bilərlər, lakin onlar özlərinə nəzarət edə bilməzlər. Bu funksiya nazirliyə aiddir, onlar üçün hədəf qoyulmalıdır. Onlara demək lazımdır ki, sizin bu hədəflərə çatmaq üçün müəyyən resurslarınız var, hədəfə doğru gedin. Onlar hədəfə necə gedir, buna nazirlik nəzarət etməlidir.

 

“Dissiplinarlıq niyə lazımdır?”

 

- Necə bilirsiniz, belə bir əməkdaşlıq formulu alimlərimizin publikasiya aktivliyini yaxşılaşdıra bilərmi?

- Əlbəttə. Çox mühümdür ki, universitet və elmi tədqiqat institutları yuxarıda bəhs etdiyimiz əməkdaşlıq çərçivəsində dissiplinlərarası sahələrdə daha kompleks layihələrin icrası və ideyaların təşəbbüskarları kimi çıxış etsinlər. Dissiplinarlıq niyə lazımdır?  Böyük Britaniyada həyata keçirilmiş tədqiqatlar göstərir ki dissiplinararası elmi tədqiqatlar həm iqtisadi, həm də sosial cəhətdən daha çox impakt verir. Sadə bir nümunə gətirim. Tutaq ki,  alimlər universitetdə və elmi tədqiqat müəssisələrində riyaziyyat üzrə birgə tədqiqat həyata  keçiriblər, müzakirələr aparıblar, hansısa riyazi alət işləyib hazırlayıblar, çoxlu formul yaradıblar, hətta bir neçə məqalə yazıblar və onlar riyaziyyat jurnallarında dərc olunublar. Bu ölkəyə, cəmiyyətə, iqtisadiyyata  hansı impakt verib? Mümkündür ki, heç nə. Ola bilər ki, ən yaxşı halda kimlərsə sonradan bu məqalələri oxuyacaq. Əlbəttə ki, bu məqalələr riyaziyyat jurnallarında dərc olunubsa, deməli mümkündür ki, onları yalnız riyaziyyatçılar oxuyacaq. Nə vaxtsa kimsə bu məqalələrə istinad etsə, bəlkə nə vaxtsa faydalı nəsə bir şey ortaya çıxa bilər, ancaq bu tezliklə baş vermir. Lakin biz bu qarşılıqlı əlaqəni dünyanın, ölkənin, cəmiyyətin firavanlığına gətirib çıxaran işlərə yönəldəsi olsaq, onda məsələyə başqa cür yanaşmaq lazımdır. Vacibdir ki, universitet və elmi tədqiqat institutundan olan alimlər, tutaq ki, riyaziyyat və biologiya sahələrində birgə tədqiqat aparsınlar. Hansı ki, bunu universitet daxilində bu vaxta qədər edə bilməmişlər, çünki onların səriştələri buna çatmayıb. Deməli, elmi tədqiqat institutunda olan riyaziyyatçılar  universitetdən olan bioloqlara onların həll edə bilmədikləri mürəkkəb riyazi hesablamalar və ya modellərin qurulmasında çatışmayan işlərdə kömək edə bilər. Bu nə verəcək?

 

1. Bu cür araşdırmalar daha yüksək istinad qazanacaq. Bu, artıq sübut olunub. Yəni dissiplinararası sahələrə həsr olunmuş məqalələr dar ixtisas sahələrinə aid məqalələrlə müqayisədə daha çox istinad qazanır.

2. Bu cür araşdırmalar ölkəyə daha çox impakt verir. Çünki onların əsasında sənaye, sosial, tibb sahələr üçün texnologiyalar hazırlana bilər. Bu isə iqtisadiyyat üçün böyük səmərə deməkdir.

 

Bu, heç də o demək deyil ki, fundamental elm sahələri ilə məşğul olmağı kənara qoyaq. Bu, aydındır, ancaq onlar da dissiplinararası olmalıdır.  Çox pis haldır ki, insanlar bəzən özlərinin dar sahələrinə fokuslanır və digər mütəxəssislərlə qarşılıqlı əlaqəyə girmir. Universitetlərlə elmi-tədqiqat institutları  arasında araşdırmalar məhz tədqiqatçıları  ona doğru yönəltməlidir ki, onlar daha çox dissiplinlərarası layihələrlə məşğul olsunlar.

 

- Böyük kəşflər də məhz dissiplinlərarası sahədə baş verir...

- Əlbəttə. Əslində bütün kəşflər, ixtiralar, gündəlik həyatımızda istifadə etdiyimiz texnologiyalar az və ya çox dərəcədə dissiplinararası sahələrə aiddir. Buna görə də biz Azərbaycanda maksimum dərəcədə tədqiqatçılarımızı ona yönəltməliyik ki, onlar məhz dissiplinlərarası tədqiqatlara yönəlməyə çalışsınlar və irəliləsinlər. Təbii ki, həm milli, həm də beynəlxalq səviyyədə.

 

“Universitetlər birgə brend yaratmalıdırlar”

 

- Bir sıra ölkələrdə universitetlərin müxtəlif assosiasiya və birlikləri var. Azərbaycan universitetlərinin assosiasiyasının yaradılması ideyasına necə baxırsınız. Qərbdə biz bunun praktik əhəmiyyətini görürük.

- Bu, çox gözəl ideyadır. Əgər biz Böyük Britaniya universitetlərindən danışırıqsa, Oksford, Kembric və çox sayda ali məktəb ayrılıqda gözəl brend olsalar belə, hətta onların da assosiasiyaları var. Məsələn, “Russell Group”.  Qrup ölkənin 24 aparıcı universitetini birləşdirir. Onların hamısı elmi tədqiqat universitetləridir, güclü elmi mərkəzlərdir. Bu, çox güclü brenddir. Digər ölkələrdə bu cür birliklərə ehtiyac daha da yüksəkdir, çünki hər bir universitetin və ya institutun beynəlxalq səhnədəki brend gücü əksər hallarda azdır.

 

Qərbdə Azərbaycanın hər hansı bir ali məktəbini təqdim edəndə internetə daxil olacaq, hansısa mənbələrə, məlumatlara baxaraq ali məktəbi tanımağa çalışacaq, təbii ki, saytına, universitetin reytinqinə baxacaqlar. Bundan əlavə universitetin elmmetrik göstəricilərinə, “Scopus” və “Wef of Science”ə diqqət yetirə bilərlər. Buradaca görürlər ki, universitetin  elmmetrik göstəriciləri, deyək ki, Kembricin və ya Oksfordun göstəricilərindən 30 -40 dəfə aşağıdır. Onlarda belə bir təəssürat yaranır ki, bəhs olunan ali məktəb zəif universitetdir  və onunla danışıq aparmağa dəyməz. Lakin əgər bizim hansısa assosiasiyamız varsa,  bu qurum Azərbaycan universitetlərini beynəlxalq arenada təmsil edirsə, bizim üçün xarici universitetlərlə danışıqlara başlamaq sadədir.

 

Buna görə də sıx birləşməli, universitetlərin assosiasiyası yaradılmalıdır ki, bu qurum ölkənin ali məktəblərinin maraqlarını beynəlxalq arenada təmsil etsin. Bu, çox gözəl olardı. Ölkələrin əksəriyyəti məhz bu yolla gedir, onlar beynəlxalq arenada fəal şəkildə təmsil olunublar.

 

İspaniyada, İrlandiyada, Almaniyada, Türkiyədə də belə assosiasiyalar var. Hətta Almaniyada ali məktəblərin  bir neçə assosiasiyası var. Məsələn, Alman Texnik, Alman Tədqiqat universitetlərinin assosiasiyaları (TU9) var. Bundan əlavə, Azərbaycanda, Qazaxıstan və bütün dünya üzrə aktiv olan DAAD var. 

 

Burada doğrudan da beynəlxalq arenaya çıxmaq üzrə hərəkətə keçmək lazımdır. Yalnız ölkənin hüdudları çərçivəsində qalmaq olmaz. Beynəlxalaq arenaya çıxış isə, fikrimcə, birgə brendin yaradılması vasitəsilə mümkündür. Bundan ötrü, bu brendin ölkədə tezliklə tanınmasına, Azərbaycan universitetlərinin beynəlxalaq arenada  tədbirlərdə aktiv iştirakına nail olmaq lazımdır.

 

Əgər biz brenddən danışırıqsa, milli brendi  hazırlamaq ayrı-ayrı universitetlərin brendini inkişaf etdirməkdən daha ucuz və asandır.Assosiasiyaya parlaq spikerin seçilməsi də asandır. Azərbaycanda fəaliyyət göstərən universitetlərə baxsaq, bütün ali məktəblərdə güclü insanlar var ki, beynəlxalq arenada tədbirlərə qatıla, təkcə öz universitetini deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemini, Azərbaycan universitetləri assosiasiyasını təmsil edə bilər.

 

Qeyd edək ki, müsahibimiz qlobal reytinqlər, təhsil və elmi-tədqiqat təşkilatları üçün strateji inkişaf proqramlarının, habelə təhsil, elm və innovasiyaların populyarlaşdırılmasına, dəyişikliklərin idarə olunmasına, məlumatların təhlili və ali məktəblərin rəqabət qabiliyyətinin qiymətləndirilməsinə yönəlmiş dövlət proqramlarının hazırlanması sahəsində beynəlxalq ekspertdir. Ümumdünya Təhsil Tədqiqatçıları Assosiasiyasının (World Education Research Association - WERA), Beynəlxalq Elm və Infometriya Cəmiyyətinin (International Society for Scientometrics and Informetrics - ISSI), Avropa Beynəlxalq Təhsil Assosiasiyasının (European Association) üzvü for International Education - EAIE) üzvüdür.

 

Oruc MUSTAFAYEV