Bəzən şagirdlərin marağını dərsə yönəltmək bir qədər çətin görünə bilər. Bunun əsas səbəbi onların hər tərəfdən mobil telefonlar, planşetlər və virtual oyunlarla əhatə olunmasıdır. Bunu nəzərə alaraq tədrisin də müəyyən qədər oyunlaşdırılmasına, tədris prosesinə müasir texnologiyaların inteqrasiya olunmasına ehtiyac yaranır.

 

“Azərbaycan müəllimi” olaraq bu gün sizə sinifdə formativ qiymətləndirmələri, mövzu təkrarlarını, qrup, fərdi və ya cütlərlə işləri, həmçinin bilik yarışlarını (quiz) daha əyləncəli və şagirdlərin maraq dünyasına uyğun keçirmək üçün istifadə edə biləcəyiniz Kahoot! onlayn platformasından bəhs edəcəyik.

 

Kahoot! şagirdlərdə dərsə qarşı böyük maraq yaradır. Burada müəllim, ilk növbədə, Kahoot! saytında oyunu hazırlayır və onu proyektor və ya elektron lövhə vasitəsilə nümayiş etdirir. Şagirdlər telefon, planşet və ya kompüterdə lövhədəki müvafiq kodu yazaraq oyuna qoşulur və bir-birləri ilə yarışırlar. Suallar lövhədə, cavablar isə uşaqların qarşısındakı cihazda görünür. Sonda ən tez və ən çox düzgün cavab verən şagird, cütlər və ya komanda qalib olur.

 

Kahoot! internet bağlantısı olan istənilən smart cihaz vasitəsilə oyun əsaslı öyrənmə təmin edir. Onun vasitəsilə istənilən mövzunu daha asan və əyləncəli şəkildə öyrətmək mümkündür.

 

Kahoot! oynamaq üçün texniki tələblər

İlk növbədə, oyunu yaratmaq və başlatmaq üçün bizə kompüter, planşet və ya telefon lazımdır. Sinifdə əgər şagirdlərin sayına uyğun cihazlar yoxdursa, informatika otaqları bunun üçün daha əlverişlidir. Həmçinin məktəb rəhbərliyi ilə razılaşdırmaq şərtilə Kahoot! istifadə olunacaq günlərdə şagirdlərə telefon və ya planşet gətirməyə icazə verilə bilər. Digər tərəfdən, həmin cihazların internetə bağlı olduğuna əmin olmaq lazımdır. Şagirdlərə sualları daha asan şəkildə görmək üçün isə sualların proyektor və ya elektron lövhədə proyeksiya edilməsi məqsədəuyğundur.

 

Niyə Kahoot! əlverişlidir?

  • Kahoot! ilə dərsin məzmununa uyğun istənilən mövzuda işləyə və bununla bağlı əyləncəli oyunlar yarada bilərsiniz;
  • Kahoot!-da hesab yaradan hər kəs asanlıqla test edə bilər, sorğular, müzakirələr və s. yarada bilər. Bundan başqa, şagirdlərin ayrıca hesab yaratmaları tələb olunmur;
  • Şagirdlər üçün olduqca maraqlıdır və onların dərsə motivasiyasını artırır. Belə ki, zəngin audio və vizual strukturu, eləcə də interfeysi sayəsində öyrənməni asanlaşdırır;
  • Kahoot! ilə oyunlar yaratmaq və istifadə etmək hər kəs üçün ödənişsizdir;
  • Təşkil etdiyiniz oyunlar nəticəsində şagirdlərinizin performansını təhlil edə, həm də həmin hesabatları əldə edə bilərsiniz.

 

Kahoot! hesabını açmaq

Kahoot! vasitəsilə formativ qiymətləndirmələri, mövzu təkrarlarını, qrup, fərdi və ya cütlərlə işləri, həmçinin bilik yarışlarını (quiz) təşkil etmək üçün əvvəlcə hesab yaratmaq lazımdır. Hesab yaratmaq üçün www.kahoot.com saytına daxil oluruq və “qeydiyyatdan keç” (“sign up”) düyməsini sıxırıq. Açılan pəncərədə “müəllim” (“teacher”) variantını, növbəti sualda isə “məktəb” (“school”) və ya “digər” (“other”) variantını seçirik. Daha sonra müvafiq olaraq elektron poçt məlumatlarını əlavə edərək qeydiyyatı tamamlayırıq.

 

Qeyd edək ki, saytın dili ingilis dilində olsa da, sualları Azərbaycan dilində hazırlamaq mümkünüdür. Həmçinin saytın ümumi interfeysini brauzer üzərindən Azərbaycan dilinə avtomatik tərcümə edə bilərsiniz.

 

Aşağıdakı nümunədə olduğu kimi, daxil olduqdan sonra açılan pəncərədən sağ yuxarıda gələcəkdə yaratdığınız oyunları görə bilərsiniz. Həmçinin yeni müsabiqə yaratmaq üçün “yaradın” (“create”) seçiminə tıklaya bilərsiniz.

 

Artıq açılan pəncərədən istədiyiniz formada dərsin məzmununa uyğun oyunlar hazırlaya bilərsiniz. Burada müvafiq olaraq sual başlığını, sualda istifadə etmək istədiyimiz şəkilləri və s. yerləşdirə bilərik. Həmçinin hər suala veriləcək vaxt məhdudiyyətini, oyunun növünü (məsələn, doğru sözü tapmaq, düz və ya səhv, düzgün variantı seçmək, beyin həmləsi və s.) tənzimləmək mümkündür.

 

İlk sualı və onun cavablarını yazdıqdan sonra sol tərəfdəki sahədən “sual əlavə edin” (“add question”) düyməsini sıxaraq növbəti sualları eyni qaydada əlavə edə, cavabları yazaraq düzgün cavabı qeyd edib bütün sualları ardıcıllıqla bu şəkildə əlavə edə bilərsiniz. Bütün sualları əlavə etdikdən sonra yaratdığınız müsabiqəni yadda saxlaya bilərsiniz. Əgər düzəlişə ehtiyac olarsa, “düzəlt” (“edit”) düyməsini klikləməklə bunu edə bilərsiniz. Kahoot!-un daha bir üstünlüyü ondan ibarətdir ki, yaratdığınız məzmunu şagirdlərə ev tapşırığı olaraq da təyin edə bilərsiniz.

 

 

Sinifdə Kahoot!-dan istifadə etmək üçün təklif olunan iki rejimdən birini seçə bilərik. Belə ki, əgər klassik rejimi seçsək, burada şagirdlər baş-başa yüksək yer uğrunda yarışırlar. Ən tez cavab verən və ən dəqiq cavabı seçən oyunçuların xalları daha yüksək olur. Digər rejimdə isə şagirdlər bir-birləri ilə komanda şəklində yarışırlar. Bu rejim əməkdaşlığı, komanda işini və ünsiyyəti gücləndirir və şagirdləri yüksək yer uğrunda mübarizə aparmaq üçün komandalarda birlikdə işləməyə təşviq edir.

 

 

“Başla” (“start”) düyməsini sıxdıqdan sonra isə Kahoot! kod yaradacaq. Bütün şagirdlər hazır olduqda isə həmin kodu onlarla bölüşüb bütün şagirdlərin eyni vaxtda yarışa qatılmasını təmin edə bilərsiniz.

 

 

Oyuna başladıqdan sonra öz hesabınızdan müvafiq proyektor və ya “ağıllı” lövhə vasitəsilə sualları şagirdlərə göstərməyiniz lazımdır. Şagirdlər isə yalnız öz cihazlarında seçimləri qeyd edəcəkləri variantları görəcəklər. Yəni ekrandakı sualları cavablandıracaq və cavabları qarşılarında olan cihazlarda qeyd edəcəklər.

 

 

Şagirdlərin oyuna qoşulması

Oyunda iştirak edən şagirdlər öz cihazları vasitəsilə www.kahoot.it saytına daxil ola və ya Kahoot! proqramını yükləyə bilərlər. Proqramı yüklədikdən və ya sayta daxil olduqdan sonra şagirdlərdən müəllimin onlara verdiyi müvafiq kodu daxil etmələri tələb olunur. Kodu daxil etdikdən sonra isə şagirdlər öz adlarını qeyd edərək oyuna daxil olurlar.

 

Oyuna giriş edən şagirdlər böyük ekranda görünən sualların cavablarına uyğun olaraq qarşılarında olan cihazda düzgün cavaba uyğun rəngli variantları seçirlər. Bütün suallara cavab verdikdən sonra şagirdlərin topladığı ballar və şagirdlərin sıralaması böyük ekranda görünür və beləliklə, yarışma baş çatır.

 

Qeyd: Müəllimlər üçün link: https://kahoot.com, şagirdlər üçün link: https://kahoot.it. Əlavə olaraq, Kahoot!-dan istifadə ilə bağlı videotəlimat üçün Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin təlimat videosundan istifadə edə bilərsiniz: https://bit.ly/3WDI3vg

 

Vaqif FƏTULLAYEV