“SABAH-da fərqli mühitlə əhatə olundum, fərqli təhsil aldım. İş dünyasının tanınmış insanları ilə ünsiyyətimdə mühüm yeri olan, karyera qurmaqda biz gənclər üçün tramplin rolunu oynayan SABAH qruplarının məzunu olmaqdan  məmnunam”, - deyir Lalə İbrahimova.
 
“Azərbaycan müəllimi” hazırda Amerikanın baş ofisi Texasda yerləşən “Bazaarvoice” şirkətində satış və kontrakt yenilənməsi üzrə menecer vəzifəsində  çalışan Azərbaycanlı gəncimizlə müsahibəni təqdim edir. 
 
Lalə, özünüz haqqında məlumat verməyinizi xahiş edirik. 
 
- Bakı şəhəri Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin məzunuyam. Onbirillik təhsil həyatım çox maraqlı keçib. Fəal bir şagird kimi fərqlənərək müxtəlif yarışlarda iştirak etmişəm. 2015-ci ildə 533 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Menecment” ixtisasına qəbul olmuşam.
 
SABAH qruplarının məzunusunuz. Sizin üçün belə bir tədris mühitinin özəlliyi nə idi? 
 
- Əlbəttə ki, SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. SABAH-da mən ixtisasım üzrə ən yüksək səviyyədə təhsil almışam. Bizə keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyirdilər. Buraya qəbul olunanda artıq bilirdik ki, bizi fərqli gələcək gözləyir, əmək bazarında daha tez və asan iş tapmaq imkanı əldə edəcəyik.  SABAH qrupları nəticə etibarı ilə həm də dövlətimizin təhsilə, biz gənclərə qayğısı deməkdir. 
Belə deyək, burada istər təhsil, istərsə də əldə etdiyim təcrübə mənim gələcək fəaliyyətim üçün faydalı oldu. Hətta SABAH-da təhsil aldığım vaxt ilk professional təcrübə imkanını “Dəmirbank”ın İnsan Resursları departamentində qazandım. Bu mənim gələcək karyeram üçün sadəcə bir başlanğıc idi. Daha sonra çoxlu sayda beynəlxalq və yerli layihələrlə Belçika, Danimarka, Çexiya, Macarıstan, Latviya, İsveç kimi ölkələrdə Azərbaycanı təmsil etdim. Onu da xüsusi qeyd edim ki, dərslərimiz daha çox təcrübə əsasında keçirilirdi və mən SABAH-dakı bir çox nümunələrlə Litvada magistratura təhsili aldığım zaman qarşılaşdım.
 
Ali məktəbi bitirdikdən sonra sonra təhsilinizi davam etdirdinizmi?
 
-Təhsilimi Vilnüs Universitetində davam etdirmişəm. Universitet tərəfindən göstəricilərimə əsasən, tam təqaüdlü təhsil qazandım. Litvada təhsil almaq mənim üçün ən yaxşı seçimlərdən biri idi. Eyni zamanda, Yeni Zelandiyanın Oklend Universiteti, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan  Qlazqo Universiteti, İtaliyanın Turin, Milan və Pavia, İrlandiyanın Limerick və digər top universitetlərdən qəbul almış və təqaüdlər qazanmışdım. Litvadakı təhsilimi 10 bal üzərindən 9.7 balla bitirdim. 
  
Amerikada“Bazaarvoice” şirkətində menecer kimi çalışırsınız. Karyera inkişafınızda əldə etdiyiniz bilik və təcrübənin rolu nədən ibarətdir?     
 
- Əlbəttə ki,mənim karyera yüksəlişimdə Azərbycanda aldığım təhsilin xüsusi payı var. Hazırda 5 illik professional təcrübəyə malikəm. Bakalavriatura təhsili aldığım illərdə özümü fərqli sektorlarda sınadım. İndiyədək olan təcrübələrim arasında Startup, İT, İnsan Resursları və Konsulting sektorları yer alır. Onların hər birinin həyatımda, eyni zamanda karyera inkişafımda özünəməxsus rolu olub.Və hər dəfə də daha çoxunu etmək, özümün ən yaxşı versiyamı kəşf etmək üçün yola çıxmışam.  
 
Bilirik ki, siz Azərbaycanlı tələbələrin Avropanın müxtəlif  ölkələrinin ali məktəblərində təhsil almasına yardımçı olursunuz. Bu haqda məlumat verərdiniz.
 
- Hazırda“Bazaarvoice”şirkətindəki fəaliyyətimdən əlavə, “TLM Education” xaricdə təhsil şirkətinin qurucularından biriyəm. Komanda üzvlərimiz Avropanın müxtəlif ölkələrində yaşayan təhsil mütəxəssislərdir. Azərbaycan,Türkiyə, Hindistan və Mərkəzi Asiya ölkələrindən olan tələbələrə Avropanın nüfuzlu ali məktəblərinə qəbul və təqaüdlərlə bağlı yardımçı oluruq. Uğur göstəricimiz hazırda 95 faizdir. İndiyədək olan fərdi və şirkət daxilində fəaliyyətimdə 150-dən çox tələbə ilə çalışmışam. Xaricdə təhsil alan və bu yollardan özü keçmiş bir gənc olaraq həmin proseslərdə potensial tələbələrə professional dəstək göstərmək daha məntiqli və uğurludur. 
 
Vətəndən kənarda yaşayırsınız və təbii ki, müxtəlif ölkələrin gəncləri ilə ünsiyyətdə olursunuz. Sizcə, Azərbaycan gənclərini onlardan fərqləndirən başlıca çəhət hansıdır?
 
- Azərbaycan gənclərinin əsas fərqi mənə görə çalışqan olmalarıdır. Bu çox sadə səslənə bilər, lakin bir amerikalı və ya avropalı ilə müqayisədə Azərbaycan gənclərinin böyük əskəriyyəti bakalavriat təhsili dövründən öz üzərilərində ciddi çalışırlar, onlar məsuliyyətli, daha çox məlumat almağa meyillidirlər. Gənclərimiz təhsil və fərqli yerlərdə təcrübə proqramlarında həvəslə iştirak edirlər. Bunları tipik bir avropa gəncində görmək çox nadir haldır. Düşünürəm ki, Azərbaycan gənclərindəki bu xüsusiyyətlər onların qarşılarına qoyduqları hədəflərə daha tez çatmalarına və hansısa bir mühitə daha tez adaptasiya olmalarına şərait yaradır. 
 
         
Samirə KƏRİMOVA