Danılmaz faktdır ki, böyüməkdə olan gənc nəslin istedadının üzə çıxarılmasında məktəbin rolu əvəzsizdir. Bu günə qədər müxtəlif sahələr üzrə neçə-neçə istedadlı yeniyetmə və gənclərin aşkarlanmasında, düzgün istiqamətləndirilməsində məktəb illərinin necə önəmli faktor olmasını hər dəfə özümüz üçün bir daha yəqinləşdiririk. İllər keçir və vaxtilə adi şagird kimi məktəbə ilk addımlarını atan bir uşaq sonradan istedadlı, tanınmış bir insana çevrilir... 
 
“Azərbaycan müəllimi” Azərbaycan təhsilinin yetirmələri olan belə istedadlı şəxslərin məktəb, müəllimlə bağlı fikirlərini eşitmək, xoş xatirələrini oxucularımızla bölüşmələri üçün "Mənim məktəbim" rubrikasına start verir. 
 
Beləliklə, rubrikamızın ilk qonağı bəstəkar, Əməkdar artist Gövhər Həsənzadədir. 
     
Tanıtım: 
 
Gövhər Həsənzadə Bakıda ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri  Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə alıb. Paralel olaraq 2 nömrəli yeddiillik musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sonradan musiqi təhsilini Asəf Zeynallı adına Bakı Musiqi Kollecində davam etdirərək Musiqi nəzəriyyəsi və tarixi fakültəsinə müsabiqəsiz daxil olub. 1988-ci ildə kolleci fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alıb.    
Tanınmış bəstəkar təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də bir sıra uğurlu layihələrin müəllifidir.
 
Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər, Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən bir çox peşəkarlar və yaradıcı kollektivlərlə çalışıb. 
 
Ölkə başçısı İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.
 
Azərbaycanın 2008-ci ildə ilk dəfə təmsil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsində yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırıb.
Azərbaycan Bəstəkarlar İttifaqının, MESAM–nin (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi) üzvü, "Müəllif  Hüquqları Uğrunda" İctimai Birliyinin sədridir. Avrasiya Hüquq Sahibləri Təşkilatları Konfederasiyasının baş direktorudur. Hazırda  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və Mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.
 
Gövhər xanım, görkəmli şəxsiyyətlər qeyd edirlər ki, istedadın bünövrəsi uşaqlıq və yeniyetməlik illərində qoyulur. Təbii ki, bu bünövrənin möhkəmliyi müəllimlərdən asılıdır. Bu fikrə sizin münasibətinizi bilmək istərdik. Və bu gün kifayət qədər tanınan, gözəl musiqiləri ilə ürəkləri fəth edən Gövhər Həsənzadə isminin məşhurluğu haradan başlayır?
 
- Öncə qeyd edim ki, mənim üçün məktəb, müəllim hər zaman xüsusi həssaslıqla  yanaşdığım, böyük məmnuniyyət və minnətdarlıq hissi ilə danışmaq istədiyim bir mövzudur. Əlbəttə ki, tanınmağımın arxasında ilk olaraq məktəb və  müəllimlərim durur.  
 
Ümumiyyətlə, deyərdim ki, gələcək taleyimin formalaşmasının təməli 3 yaşında balet məktəbindən başlayıb. Mənim Zinaida Viktorovna adlı müəllimim var idi. O, həddindən artıq gözəl, olduqca baxımlı, kübar bir xanım idi və mənə balet dərsləri verirdi.
 
Bilirsiniz, balet dərslərinin mənə kiçik yaşlarından ətraf aləmi dərk etməyimdə, klassik musiqi zövqümün formalaşmasında mühüm rolu oldu. İncə, zərif hərəkətlər, plastika tələb edən baletdə hadisələri musiqinin müşayiəti ilə sözlər deyil, jestlər, rəqs elementləri deyir. İdeya, bədii fikir, hadisə rəqs elementləri ilə ifadə edilir. Və mən bunu müəllimim sayəsində kiçik yaşlarından mənimsədim. O zaman artıq mənim üçün ilkin olaraq bir müəllim nümunəsi yarandı. Belə ki, həmin müəllim kübar olmalı, qışqıraraq danışmamalı, hər bir uşağa individual yanaşması olmalı, gözəl zövq formalaşdırmağı bacarmalı idi. Çox şanslı insanam ki, lap kiçik yaşlarımdan ilk təhsilimə klassik balet musiqisi ilə başlamışam. 
 
 
1976-cı ildə valideynlərimin qərarı  ilə bir çox tanınmış ziyalının  övladlarının təhsil aldığı, yüksək təlim-tərbiyə prosesi ilə seçilən Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbə getdim. Bəli, valideynlərim “ən gözəl təhsil harada verilir?”-sualına cavablarını məhz bu məktəbdə tapdılar. Onu da qeyd edim ki, 3 yaş məndən böyük olan bacım da həmin təhsil ocağında oxuyurdu. 
 
Bir hadisəni danışmaq istərdim. Bilirsiniz, oxuduğum dönəmdə Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün öyrənilməsi, ana dilimizin rolunun artırılması, Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilirdi. Azərbaycanda ən yüksək vəzifə tutan bütün məmurlar öz uşaqlarını təlim Azərbaycan dilində olan ümumtəhsil müəssisələrinə qoyurdu. 7 nömrəli tam orta məktəb təlim Azərbaycan dilində aparılan ən yaxşı və nümunəvi təhsil ocaqlarından biri olduğu üçün  həmin məmurların əksəriyyətinin seçimi məhz adıçəkilən məktəb idi. Məktəbimiz çox qısa müddətdə yüksək təlim-tərbiyə prosesi ilə, nizam-intizam qaydalarına mükəmməl şəkildə riayət olunan bir təhsil ocağı kimi diqqətləri öz üzərinə çəkməyi bacardı. Heç bir şagird valideynlərinin cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq nə geyimi, nə də davranış tərzi ilə bir-birlərindən fərqlənməyə çalışmırdı. Bizim məktəb digər təhsil ocaqlarından təhsildən tutmuş, geyimə kimi ən xırda detallara qədər əməl etməsi ilə seçilirdi. “Əslində bir məktəbli necə olmalıdır”- sualının cavabı bizim həm təhsilimizdəki nailiyyətlərimizdə, davranış tərzimizdə, həm də geyimimizdə öz əksini tapırdı. Bizi uzaqdan belə görəndə artıq bilinirdi ki, 7 nömrəli tam orta məktəbin şagirdləriyik.  
 
Bilirsiziniz, bizim dövrümüzdə valideynlərin məktəbə münasibəti də fərqli idi. Hər bir valideyn uşağının gözəl təhsil alması, nümunəvi davranışının olması üçün əlindən gələni etməyə hazır idi və edirdi də.Valideynlər məktəbə çox bağlı idilər. Müəllimlərin bizimlə bağlı söylədikləri fikirlər onlar üçün önəmli idi. Məktəb-şagird-müəllim münasibəti ən gözəl səviyyədə qurulmuşdu. Müəllimlə valideynin fikirləri üst-üstə düşürdü. Məktəbdə davranış qaydaları, müəllimlərin münasibəti şagirdlərin hər biri üçün eyni idi. Kimsə kimdənsə üstün, fərqli ola bilməzdi. Bu bizim təhsil ocağının “qızıl” qaydası idi. Məktəbimizdə qurulan düzgün təlim-tərbiyə prosesi bizim artıq şəxsiyyət kimi formalaşmağımızda, daha intizamlı olmağımızda, yüksək mədəniyyət nümayiş etdirməyimizdə mühüm rol oynadı.
 
Bəli, mənim istedadlı, yüksək musiqi zövqünə malik  bir insan kimi formalaşmağımda, həm Azərbaycan və  həm də rus dillərində mükəmməl danışmağımda, ciddi, məsuliyyətli biri olmağımda müəllimlərimin əməyi danılmazdır. Məni Gövhər Həsənzadə kimi bu cəmiyyətə təqdim edən, mənə nümunə olan, inanan da sevimli müəllimlərim və ailəm olub.  
 
Müəllimləriniz hansı xarakter və xüsusiyyətləri ilə yaddaşınızda qalıb?
 
- İbtidai sinif müəllimim Efirə müəllim idi. Olduqca yaraşıqlı, həm çox ciddi, tələbkar, həm də mehriban idi. Müəllimliyə xas bütün gözəl keyfiyyətlər onda cəmlənmişdi. Onunla üzbəüz 1-ci sırada otururdum. O qədər cılız, arıq idim ki... Partanın arxasında boyum yazı lövhəsini görməyə belə çatmırdı. Çalışırdım, həmişə hündürə qalxım. Dərs vaxtı  həyəcanımı təsəvvür edə bilməzsiniz. Əlaçı idim, eyni zamanda bir yerdə qərarlaşa bilmirdim, olduqca aktiv bir şagird idim. Efirə müəllim nə soruşurdusa, əlimi qaldırmaqla “mən də bilirəm”,- deyərək özümü təsiqləmək üçün canfəşanlıq edirdim.Və hər zaman mənə “sən gözümün qarşısındasan,onsuz da səni görürəm”,-deyirdi. Özümü toparlayırdım. Çəhrayı rəngdə dəftəri var idi. Onu hirsləndirəndə və ya dərsə hazırlıqsız gələndə həmin dəftəri götürüb “2” yazardı. O zaman balacaydıq, elə bilirdik ki, doğrudan da dəftərdəki qiymət gündəliyimizə və jurnala yazılıcaq. İndi də yadıma düşəndə gülürəm ki, necə də sadəlövh olmuşuq. Hamı o dəftərdən qorxurdu. 
Onu da söyləyim ki, biz şagirdlər  bilik almağa çox maraqlıydıq, müəllimimizin  sevimlisi olmağa can atırdıq.Və bizim aramızda sağlam bir rəqabət, yarışma var idi. Mən dəqiq elmlərə daha çox maraq göstərirdim. Məktəbin ictimai işlərində də fəal iştirak edirdim.
 
Yuxarı sinifdə sinif rəhbərim olmuş Həsən müəllimin də adını çəkmək istərdim. Mən bu pedaqoqun həyatımda oynadığı rolu heç zaman yaddan çıxarmıram. Həsən müəllim mənim üçün məktəbi doğma edən, qayğıkeş bir insan olub. O, hər bir şagirdə ad günündə onun xarakterinə, maraq dairəsinə uyğun Azərbaycan klassiklərinin kitablarını hədiyyə edirdi. O zaman bilirsiniz ki, kitab almaq çox çətin idi. Şəhərdə xüsusi yer  var idi və biz orada növbəyə dayanıb arzuladığımız kitabı alırdıq. Bizim dövrümüzdə kiməsə kitab bağışlamaq ən dəyərli hədiyyə hesab olunurdu. Həsən müəllim mənə də ad günümdə Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini bağışlamışdı. Və bu günə qədər həmin kitab ən qiymətli hədiyyə olaraq kitab rəfimi bəzəyir. Həsən müəllimin bizə olan qayğısı, atalıq münasibəti, təəssübkeşliyi, dəyər verməsi ən yüksək səviyyədə idi. Bütün fənlərdən necə oxumağımızla hər zaman maraqlanar, qiymətlərimizin aşağı olmasına imkan verməzdi. Daim bizi nəzarətdə saxlayardı.
 
Sürəyya müəllimimiz  tədris etdiyi Azərbaycan dili və ədəbiyyat fənnini elə yüksək səviyyədə keçirdi ki, özümüzü sanki ali məktəb auditoriyasında hiss edirdik. O əsl Azərbaycan  xanımı, gözəl pedaqoq idi. Əzbərçiliyi sevmirdi, bizdən də Azərbaycan dilinin ədəbi normalarına riayət etməyimizi tələb edirdi. Bizə şagird kimi deyil, bir  şəxsiyyət kimi yanaşırdı. Musa müəllim, Böyükbala müəllim, Rəna müəllim, Bəhram müəllim, adlarını çəkmədiyim digər pedaqoqlarımız dərslərini elə keçirdilər ki, onların sayəsində tədris etdikləri fənləri sevirdik. Hər biri peşəsinin peşəkarı idi və öz şagirdlərini seçilmiş, daha üstün, bilikli görmək istəyirdilər.
 
Sizinlə danışdıqca, o zamanlar direktorumuz olan Validə xanım gözümün önündə canlanır. Biz onu  bir dəfə də olsun, gülən görmədik. Hər gün səliqəli geyimi və “babetto” saç düzümü ilə məktəbin foyesində bizi qarşılayardı. Direktor otağı elə birinci mərtəbədə idi. Onun əzəmətli duruşu, müəllim və şagirdlərə olan münasibəti də çox ciddi idi, nəzarətini hər zaman üzərimizdə hiss edirdik. Çox qəribə idi ki, onun kiminsə üstünə qışqırdığını və yaxud kimisə cəzalandırdığını heç zaman görmədik.Təkcə baxışı və zəhmi kifayət edirdi ki, şagirdlər özlərinə çəki-düzən versinlər. Artıq bilirdik ki,Validə xanımın bizdə nəsə xoşuna gəlməsə, qısa vaxt ərzində valideynlərimiz məktəbə çağrılacaq.Valideynlərimizin danlağını, tənbeh edilməyimizi isə heç istəməzdik, qürurumuza sığışdırmazdıq. Qeyd etdiyim kimi, valideynlər arasında yüksək vəzifə tutanlar, tanınmış şəxslər olsa da, heç kəs öz səlahiyyətlərindən istifadə edib övladının tərəfini tutmaz və ya müəllimlərə irad bildirməzdi. Direktorumuz hər gün bütün siniflərə daxil olur, nizam-intizamla maraqlanırdı. Müəllimlərimiz də elə idi. Bəlkə də elə bir ciddi təlim-tərbiyə mühitində formalaşmağımdandır ki, həyatım boyu işimə olduqca məsuliyyətli və ciddi yanaşmışam.     
 
İstedadlı şəxs kimi formalaşmağınızda necə, məktəbin rolu oldu? 
 
- Əslində hər uşaq istedadlıdır. Sadəcə, bu istedadı görüb düzgün yönləndirməyi bacaran müəllimlər və uşağının gələcəyinə məsuliyyət daşıyan valideynlər birgə əməkdaşlıq etməlidirlər. Məktəbimizdə müxtəlif dərnəklər var idi.  Mən də o zaman rəsm dərnəyinə gedirdim. Hər zaman müəllimlərimin təkidi ilə məktəbdənkənar fəaliyyətlərə cəlb olunurdum. Bədii gimnastika ilə də məşğul olmuşam. Musiqiçi kimi formalaşmağımın əsas bünövrəsi də məhz məktəb illərimdə qoyulub. Belə ki, təhsil ocağımızın yaxınlığındakı musiqi məktəbindən gəlib musiqi duyumumuzu yoxladılar və istedadımı görüb oraya qəbul etdilər. Baxmayaraq ki, ilk arzum hüquqşünas olmaq idi, ancaq musiqi istedadımı görən müəllimlərimin, eyni zamanda valideynlərimin tövsiyəsi ilə musiqiçi olmağa qərar verdim. Düşünürəm ki, bu, mənim üçün verilən ən düzgün qərar oldu. Artıq mən musiqiyə əyləncə kimi yox, ciddi sahə olaraq yanaşırdım. Sonra Asəf  Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarixi fakültəsinə müsabiqəsiz daxil oldum və təhsilimi fərqlənmə ilə başa vurdum. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə daxil olmağım seçimimdə yanılmadığımın bir daha təsdiqi oldu. Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsil almaq o dövrdə ciddi musiqi ilə məşğul olan hər bir gəncin xəyalı idi. Və mənim də arzum reallaşmışdı, böyük sənətkarların, gözəl pedaqoqların əhatəsində oldum. 
 
Məlumdur ki, hər bir istedadlı şəxsin özünəməxsus xarakteri olur. Sizcə, onlar bu xarakterləri ilə şagird yoldaşlarından konkret nə ilə fərqlənirlər?
 
- Söylədiyim kimi bütün uşaqlar istedadlıdırlar. Sadəcə, valideyn və müəllim bu istedadı müəyyənləşdirməli, düzgün istiqamətləndirməyi bacarmalıdır. Bəzən uşaq istedadlıdır, ancaq onu aşkara çıxarmaq çətin olur və ya elə bir sahəyə maraq göstərir ki, valideyn onu bu istəyindən cidd-cəhdlə uzaqlaşdırır. 
Bilirsiniz, düzgün yanaşma olmayanda, uşaq özünə yer tapa bilmir, fərqliliyini izah edə bilmədiyinə görə özünə qapanır. Valideynlərin öz işlərinə və ya telefona, sosial şəbəkələrə başı qarışır. Uşaqla məşğul olmur və ya kifayət qədər ona diqqət, vaxt ayırmır.
 
Əziz valideynlər və müəllimlər, üzümü sizlərə tuturam: ilk növbədə, uşağınızı tanıyın, məktəbdə şagirdlərə öz bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradın. Uşaqların bədii-estetik zövqünün formalaşması üçün məktəbdənkənar fəaliyyətlərə cəlb edin, müxtəlif dərnəklərə yazdırın. 
 
Mən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF - Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak etmişdim. Burada şagirdlərin təqdim etdiyi   innovativ layihələrlə tanış olduqca qürur hissi keçirdim ki, bizim XXI əsr bacarıqlarına malik yaradıcı, rəqəmsal texnologiya biliciləri olan yeniyetmələrimiz var. Kim bilir, bəlkə də bu layihələrə cəlb olunan neçə-neçə yeniyetmə və gəncimiz Azərbaycanımızın gələcək elmi potensialı, tanınmış istedadlı şəxsləri olacaqlar. Bütün bunlar Azərbaycan təhsilinin uğurudur. 
 
Geri dönüb o illərə qayıtsaydınız... 
 
- Pedaqoqlarım mənim üçün müqəddəsdirlər. Bu gün həyatımda onların yeri görünür. Ona görə də müəllimlərim ilə daha çox vaxt keçirərdim. Eləcə də bəzi dərs kitablarımın oxumadığım səhifələrini diqqətlə vərəqləyər, daha çox öyrənərdim.  
 
 
Samirə KƏRİMOVA