Müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib, sertifikatlaşdırma prosesinə isə hazırlıqlar gedir.
 
İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev hər iki proseslə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verib.
 
- Müəllimlərin işə qəbulu imtahanlarına müraciət davam edir. Qeydiyyat prosesində namizədlərin qarşısına əngəllər çıxdığı bildirilir. İndiyədək müşahidə olunan problemlərlə bağlı müraciətlər varmı? Müraciətlər hansı səpkidədir? Məlumatımıza görə, xüsusən texniki, o cümlədən qeydiyyatın tamamlanmaması kimi problemlərlə az qala hər kəs qarşılaşır.
 
- Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair məlumatverici posterlər, təqdimat videoları hazırlanıb, vətəndaşlara təqdim olunub. Əsasən, müraciətlər şəxsi məlumatların düzgün qeyd edilməməsi ilə bağlı olur. Buna görə də vətəndaşlara elektron ərizəni doldurarkən diqqətli olmağı, ərizəni təsdiqləmədən əvvəl yenidən nəzər salmağı tövsiyə edirik. Sistemlə bağlı isə qeyd edə bilərik ki, hər hansı texniki problem aşkarlanmayıb.
 
- Ümumtəhsil müəssisələrində pedaqoji kadrlarla bağlı çatışmazlıq olmadığı dəfələrlə vurğulanıb. Hətta bunu əsas gətirərək pedaqoji kadr hazırlığına məhdudiyət qoyulub. Lakin bununla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilən qeyri-pedaqoji ixtisaslı kadrlara da müsabiqədə iştirak etmək imkanı yaradılır. Bu, hansı zərurətdən irəli gəlir?
 
- Bəzi fənlər üzrə kadr azlığı problemi yaşanır. Bununla bağlı Elm və Təhsil Nazirliyi hər il toplanmış vakansiyaları və müraciət sayını müqayisə edir, təhlillər nəticəsində müraciətlərin vakansiyaları ödəyib-ödəməyəcəyi müəyyən edilir. Əvvəlki il boş qalan vakansiyalarla yanaşı, növbəti ildə çıxarılma ehtimalı olan vakansiyalar da müəyyənləşdirilərək qeyri-pedaqoji ixtisasların siyahısı hazırlanır. Ötən il qeyri-pedaqoji ixtisas sayı 25 idisə, bu il 56 ixtisas üzrə kadrların işə qəbulu mümkün olacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6.1 və 6.2-ci bəndinə əsasən, dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda qeyri-pedaqoji ixtisaslı şəxslər müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Təqdim olunmuş vakansiyalara əsasən, həmin qeyri-pedaqoji ixtisaslı şəxslərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakı məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılır.
 
- Yəni, pedaqoji kadr olmadıqda həmin yerə qeyri-pedaqoji ixtisaslı kadrlar yerləşdirilir? Müsabiqədə onların topladığı bal hər hansı rol oynamır?
 
- Rəqabət vakansiyanı seçdikləri andan etibarən yaranır. Yüksək bal toplayan qeyri-pedaqoji ixtisaslı şəxslər müsahibədə iştirak edəcəklər. Müsahibələrdə tələblərə uyğun olduqları halda seçiləcəklər. 
 
- Yerləşdirmə prosesində pedaqoji kadrların hər hansı üstünlüyü varmı?
 
- Müsabiqədə yuxarı bal toplayan qeyri-pedaqoji ixtisaslı kadr tamamilə pedaqoji ixtisaslı kadra bərabər tutulur. Ona görə də müsabiqədə tam bərabər imkanlar yaradılır. Qeyri-pedaqoji ixtisaslı kadrlar müsahibə meyarlarına uyğun gəldiyi halda işə təyin olunur. Daha sonra kurslara, təlimlərə cəlb edilirlər.
 
- Sertifikatlaşdırma prosesində hər hansı dəyişiklik nəzərdə tutulurmu? Deyilənə görə, bu il müəllimlərin iştirak etdiyi təlim, kurs və s. əldə etdikləri sertifikatlar da onların qiymətləndirilməsində rol oynayacaq.
 
- Sertifikatlaşdırmanın birinci mərhələsi test mərhələsidir. Müəllimlərə aid məlumatları yerli təhsili idarəetmə orqanları sistemə daxil etdikdən sonra həmin informasiya əsasında müəllimin prosesdə iştirak edib-etməyəcəyini yoxlayırıq. Belə ki, müəllimin 3 il pedaqoji fəaliyyətlə məşğul olması kifayətdir ki, son 3 ildə tədris etdiyi fənn üzrə sertifikatlaşdırma prosesinə cəlb edilsin. Bu tələbi ödəyən müəllim test mərhələsinə dəvət edilir və uğur qazanarsa, müsahibəyə dəvət edilir. Bu mərhələdə əsas tutduğumuz 5 amil var. Proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı qiymətləndirilir. Bu beş meyardan başqa müəllimdən hər hansı əlavə tələb yoxdur. Sertifikatlaşdırma Şurasında meyarlar artıq təsdiq olunub. Müsahibə mərhələsində 5 meyar üzrə tələbi ödəsələr, qiymətləndiriləcəklər. Onlardan hər hansı sertifikat tələb edilmir.
 
- Təkrar sertifikatlaşdırma necə həyata keçirilir?
 
- Müəllim ötən il hansı mərhələdən kəsilibsə, bu il məhz həmin mərhələyə dəvət olunur. Ötən il test imtahanı mərhələsindən kəsilmiş müəllimlərin siyahısı var və bu il yenidən prosesə cəlb olunmaları üçün onlara dəvət göndərilib. İyunun 8-də təkrar sertifikatlaşdırmanın test mərhələsi keçiriləcək, daha sonra da müsahibə mərhələsindən kəsilənlər həmin mərhələyə dəvət olunacaqlar. 
 
- Müsahibə mərhələsində təqdimat nə qədər həlledici rola malikdir? Mütləq olmalıdırmı?
 
- Bu, müəllimin özünə köməkdir. Müsahibə zamanı təqdimatı nə “aç”, deyirik, nə də açmasına qadağa qoyuruq. Ancaq təqdimatını açıb suallara oradan cavab verməsi də müsbət qiymətləndirilir. Təqdimat olmadığına görə müəllimin balı kəsilmir.  
 
- Fəxri ad almış şəxslərin sertifikatlaşdırmaya cəlb edilməsi nə dərəcədə önəmlidir?
 
- Buna əvvəlcədən qərar verilib. Qərara əsasən, sertifikatlaşdırma prosesində heç bir halda imtiyaz nəzərdə tutulmayıb. İndiyədək keçirilən sertifikatlaşdırma prosesində fəxri adı olan hər hansı şəxsin uğursuz nəticə göstərməsi faktı ilə qarşılaşmamışıq. Ümumiyyətlə, müəllimin 32-33 bal toplaması o demək deyil ki, onun biliyi zəifdir. 30 bal toplayan müəllim bizim tələblərimizə cavab verir və ölkəmizdə 23538 nəfər 30-50 bal toplamış müəlimin maaşı 10 faiz artırılıb. 51-dən yüksək bal toplayan ümumilikdə 8409 nəfərin maaşına 35 faiz əlavə edilib. Prosesin davamında , yəni iyunun 8-də, iyunun 21-22 və 24-də bu saylar yenidən dəyişəcək.
 
Ruhiyyə DAŞSALAHLI