Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün təşkil olunan “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin final mərhələsinin nəticələrinə əsasən qaliblər mükafatlandırılıblar.
 
ADPU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, “Sən də bacararsan!” devizi ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunub. Eyni zamanda xüsusi fərqlənən əlavə 10 iştirakçı həvəsləndirici mükafata layiq görülüb və onlar da mentorluq proqramına cəlb olunublar. Həmçinin müsabiqənin finalçıları kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim edilib.
 
Müsabiqənin keçirilməsində əsas məqsəd universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.
 
Qeyd edək ki, qaliblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.