Bakıdakı 56 nömrəli məktəbin 140 illik yubileyində iştirak edənlər arasında İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson da var idi. Tədbir çərçivəsində səfir “Azərbaycan müəllimi”nə eksklüziv müsahibə də verib. Həmin müsahibəni təqdim edirik:
 
- Cənab səfir, bugünkü tədbir barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik.
 
- Biz İsveç səfirliyi olaraq Bakıdakı Nobel İrsi Fondu və 56 nömrəli tam orta məktəblə sıx əməkdaşlıq edirik. Ümumi tariximizi birgə xatırlamaq və yaşatmaq üçün adlarını çəkdiyim qurumlarla əlaqədəyik. Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti və məktəblərə necə qayğı göstərməsini bir daha yada salırıq. Bu gün 56 nömrəli məktəbin müəllimləri və istedadlı şagirdləri arasında olmaqdan məmnunluq duyuram.
 
- Şagirdlərimizin Nobel irsini tez-tez xatırlamasına münasibətiniz necədir?
 
- Əlbəttə, bu, məni çox sevindirir. Mən böyük məmnunluq hissi ilə Nobel qardaşlarının xatirəsinə həsr olunmuş ötənilki tədbiri xatırlayıram. Həmin tədbirdə də uşaqlar Nobel qardaşlarının irsi və tarixi barədə çox gözəl təqdimat hazırlamışdılar. Bu şagirdlər çox qabiliyyətli və istedadlıdırlar. Biz bugünkü tədbirdə də bunun şahidiyik. Onlar rəqs edirlər, mahnı oxuyurlar. 
 
- Azərbaycan və İsveç arasında təhsil əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz?
 
- Qeyd edim ki, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən də təhsil sahəsində əlaqələr yüksək səviyyədədir. Biz azərbaycanlı tələbələri İsveç Krallığında ali təhsil almaq üçün cəlb etməyə çalışırıq. Və çox yaxşı nəticədir ki, bu il 32 azərbaycanlı tələbə İsveçin Təhsil Nazirliyinin qrant təqaüdünü qazanıb. Bu qədər tələbə sayı bu vaxta qədər olmamışdı. Düşünürəm ki, bu, həm də Azərbaycan və İsveç arasında əlaqələrin inkişafı istiqamətində göstərilən səylərin nəticəsidir. Bu vaxta qədər də İsveç ali təhsil müəssisələrində çox sayda azərbaycanlı gənc təhsil alıb.
 
- Bilirsiniz ki, bizdə xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilir. Azərbaycanlı gənclərin maraq göstərdiyi ölkələr arasında İsveç də var.
 
- Bəli, mən bundan məlumatlıyam. Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə xüsusi Dövlət Proqramları həyata keçirilir, qrant layihələri mövcuddur. Məhz daha çox azərbaycanlı gənc xaricdə təhsil proqramları və qrant hesabına İsveçdə təhsil alıblar. Biz buna görə də Azərbaycan hökumətinə minnətdarıq.
 
- Bu tədbirdə sizin azərbaycanlı elm və təhsil nümayəndələri ilə sıx ünsiyyətinizi müşahidə etdik.
 
- Bəli, bu belədir. Hətta mən daha bir əlavə etmək istəyirəm. Biz təhsil sahəsində bir sıra məsələlərin müzakirəsinə həsr olunmuş və dünyanın müxtəlif ölkələrindən olan müəllimlərin iştirak etdiyi konfranslar təşkil edirik. Bu il Azərbaycan Dillər Universitetinin Skandinaviya Mərkəzinin 2 əməkdaşını da öz tədbirimizə dəvət etdik. Bəli, bizim Azərbaycanın təhsil işçiləri ilə sıx əlaqələrimiz var. 
 
Oruc MUSTAFAYEV