Azərbaycanda təhsil sahəsində islahatların fonunda təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı daim diqqətdə saxlanılır.
 
Müəllimlərin sertifikatlaşdırılması addımları da məhz buna xidmət edən metodlar sırasındadır. Dünya təcrübəsi əsasında formalaşdırılmış bu sistem sayəsində müəllimlərin biliklərinin yenilənməsi, müasir tələblərə uyğun inkişafı üçün imkan yaranır. Təhsilverənlərin peşəkarlıq səviyyəsi qiymətləndirildiyi üçün onların ehtiyacları da müəyyən edilir.
 
Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyirlər. Bu, ömürboyu öyrənmə mədəniyyətini formalaşdırır.
 
Savadlı, daim inkişaf edən müəllimin uğurlu işi sayəsində tədrisin də keyfiyyəti artır. Aydın məsələdir ki, yaxşı müəllimin yetişdirdiyi şagird nəticələri də yüksəlir. Müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu zamanı valideynlər sertifikasiya nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər.
 
 
Sertifikatlaşma həm də yaxşı müəllim olmanın təsdiqidir. Yaxşı müəllimlər isə ortalama əməkhaqqına nisbətdə daha yüksək təminata sahib olmalıdır. Sertifikatlaşma sayəsində uğurlu müəllimlərin əməkhaqqının artımına və sosial rifahın yüksəlməsinə imkan yaranır. Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmadan keçmiş 31 min 947 təhsilverənin vəzifə maaşına artım tətbiq olunduğunu açıqlamışdı.
 
Onu da qeyd etmək lazımdır ki, sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafı üçün vacib həlqədir. Çünki ümumi təhsil müəssisələrinə direktorların seçimi prosesində müsahibə mərhələsində sertifikatlaşdırma nəticələrinə də baxılacaq. Eləcə də, müəllimlərə fəxri adların, dövlət mükafatlarının verilməsində qiymətləndirmə nəticələrdən mütləq istifadə olunacaq.
 
Sertifikatlaşdırmanın nəticələrinin müəllimlər üçün faydaları bununla da bitmir. Belə ki, ən yüksək nəticə göstərmiş müəllimlər tərəfindən ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodiki xidmət həyata keçirilir. İndiyə qədər 51 baldan yüksək müəllimlər metodistlərin işə qəbulu ilə bağlı müsabiqəyə cəlb olunub. Uğur qazanan müəllimlərə müvafiq təlimlər keçirilib. Nazirliyin məlumatına görə, hazırda 45 məktəbdə həmin metodistlər fəaliyyət göstərir.
 
 
Xatırlatmaq yerinə düşər ki, 2023-cü ildə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” Qaydasında dəyişikliklər edilib. Yeniliyə əsasən, bu il ilk dəfə iş yerini dəyişmək istəyən müəllimlərin sertifikatlaşdırma nəticələrinə baxılacaq.
 
Statistikaya nəzər saldıqda aydın olur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərin hamısı sertifikatlaşdırmada da uğur qazanıb. Bu, müəllimlərin işə qəbulu prosesinin də təhsil sistemi üçün uğurlu yanaşma olduğunu göstərir.
 
60 yaşdan yuxarı müəllimlərin qiymətləndirməyə cəlb olunmasının sadələşdirilməsi isə ən vacib güzəştlərdən biri kimi yadda qalıb. Bu kateqoriyadan olan müəllimlərin sertifikatlaşdırmada iştirakının könüllü olması onların təcrübəsinin orta məktəblərdə bir müddət daha istifadə olunmasına şərait yaratdı.
 
Artıq müəllimlərin sertifikasiyası bütün ölkə ərazisini əhatə edir. Naxçıvanda da bu il mərkəzləşdirilmiş qaydada qiymətləndirmə prosesi təşkil olunacaq və prosesə ilk dəfə sertifikatlaşdırmada iştirak edəcək şəxslər cəlb ediləcək.
 
Azərbaycanın “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biri məhz sertifikatlaşdırmanın davamlılığıdır. Bu, müəllim hazırlığının inkişafı və onların səriştəsinin artırılması istiqamətində mühüm yer tutur. Təhsil siyasətində sertifikatlaşdırmanın əhatə dairəsinin genişləndirilməsi və digər təhsil pillələrində də tətbiqi planlaşdırılır.
 
 
Bu strategiyanın hədəflərinə nail olduğu artıq təsdiqlənir. Çünki sertifikatlaşdırmadan keçən müəllimlərin tədris prosesində daha üstün səriştə və bacarıq sərgilədiklərinin şahidi oluruq.
 
Elm və təhsil Nazirliyi ümumi təhsil müəssisələrində qazanılan təcrübə əsasında peşə təhsili müəssisələrində işləyən müəllimlər üçün də sertifikatlaşmanı tətbiq edəcək. Məktəbəqədər təhsil müəssisələrində isə bu il diaqnostik qiymətləndirmə aparılacaq. Lakin sonrakı mərhələdə məktəbəqədər təhsil müəssisələrində də sertifikatlaşdırma prosesinin təşkili nəzərdə tutulur.
 
Elm və təhsil naziri Emin Əmrullayev də Reporta açıqlamasında qeyd edib ki, sertifikasiya məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 %-nin əməkhaqqısının artmasıdır:
 
“Yəni bu proses 80 % müəllimə müsbət təsir edir. Ötənilki sertifikasiya imtahanından fərqli olaraq, bu il riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80 %-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35 % artacaq. Sertifikasiyanın bu tərəfini unutmaq lazım deyil”.