Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası axırıncı dəfə 1994-cü ildə keçirilib. Ondan sonra təhsil sistemində çalışanların biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb. Yalnız 2014-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanıldı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onlardan 45 faizə qədərinin nəticəsi qənaətbəxş olmadı. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Artıq iki ildir ki, tətbiq edilən sertifikasiya prosesi bu istiqamətdə atılan addımlardır.
 
Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Kamran Əsədov söyləyib. O bildirib ki, sertifikasiya prosesinin mahiyyəti müəllimlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını ölçməkdir:
 
“Cəmiyyətlə yanaşı, təhsil mütəxəssisləri, həmçinin Elm və Təhsil Nazirliyi də bilir ki, Azərbaycan təhsilində müəllim peşəkarlığı lazım olan səviyyədə deyil.
 
Hesab edirəm ki, sertifikasiya prosesi ən yaxşı müəllimlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin artırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiyanın 60 yaşdan yuxarı olanlar üçün könüllü olması planlaşdırılır, amma onlar 65 yaşdan sonra işə davam etmək istəyirlərsə, mütləq bu prosesə qoşulmalıdırlar.
 
Sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqləri var. Belə ki, sertifikasiyadan keçən müəllimə onun bilik və bacarığına müvafiq olaraq diferensial əməkhaqqı da tətbiq edilir. Diferensial əməkhaqqı tətbiq olunandan sonra artıq müəllimə sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əməkhaqqı verilir ki, bu da çox ədalətlidir.
 
Qeyd edim ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda olması çox yaxşıdır.
 
Sertifikasiya zamanı müəllim yalnız test imtahanı vermir, o, həm də müsahibə mərhələsindən keçir ki, bu da müəllimin bilik və bacarıqlarından başqa pedaqoji bacarıqlarının da yoxlanılmasına imkan verir”.
 
Kamran Əsədov bu günədək keçirilən sertifikatlaşdırmanın nəticələrinin təhlilini aparıb: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 min 211 ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesində iştirak edib. Onlardan 8843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8784 müəllim iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
 
2022-ci ildə sertifikasiyadan keçməyən müəllimlərə 2023-cü ildə yenidən şans verilib və yekunda təkrar sertifikatlaşdırmadan 743 nəfər keçməyib. Eyni zamanda 443 məktəb üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, bu müəllimlərin uzun müddət ixtisası üzrə dərs aparmadığını görürük. İxtisası ibtidai sinif müəllimi olsa da, bu insanlar uzun müddət öz ixtisasları üzrə işləməyiblər, onlara ixtisasları üzrə dərs verilməyib.
 
Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib. Bu da şübhəsiz, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib”.
 
Ekspert bəzi müəllimlərin sertifikatlaşdırma imtahanında keçid balından aşağı nəticə göstərdiyini söyləyib: “İndiyə qədər keçirilən sertifikasiya imtahanlarında xoş olmayan hallar da yaşanıb. Bir qisim müəllim imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədini gətirmir. Digər tərəfdən, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, şparqalka, konspektlər keçirməyə, ətrafdan kömək almağa, köçürməyə cəhd edirlər.
 
Ən təəssüfedici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-6 bal toplayanlar var.
 
Bir məqamı da qeyd edim ki, müsahibə mərhələsində müəllimlərin 5 istiqamət üzrə bilikləri yoxlanılır. Bunlar pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi, ünsiyyət, qiymətləndirmə və təqdimetmə kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınır.
 
İstənilən halda, sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. Təhsilverənlərin böyük bir hissəsi hazırlıqlardadır. Bu, qəbuledilməz haldır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minimum tələblərə cavab verməyib. Amma bundan kədərlənmək də lazım deyil. Reallıq ondan ibarətdir ki, müəllimlər hazırlıqlara, kurslara gedərək nə isə öyrənirlər və öyrəndiklərini sonradan tədrisə tətbiq edəcəklər. Bu da müəllim peşəkarlığının artmasına gətirib çıxaracaq. Növbəti illərdə həmin bu vəziyyətin müsbət nəticələrini görə biləcəyik.
 
Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar, ona görə də bu il böyük çətinlik yaşayacaqlarını düşünmürəm. Sadəcə olaraq xarici dil müəllimlərinin sertifikasiya imtahanına ciddi yanaşmalıyıq. Çünki bu sahədə müəyyən boşluqlar olduğunu görə bilirik”.