Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar Fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova "Azərbaycan müəllimi"nə müsahibə verib.
 
Sözügedən müsahibəni təqdim edirik:
 
- Məktəbdənkənar fəaliyyət necə təşkil olunub? Ölkə üzrə neçə məktəbdənkənar müəssisə var? Onların neçəsi paytaxtda, neçəsi regionlardadır?
- Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür. Sözügedən müəssisələrin fəaliyyəti əsasən uşaqlarda sosial fəaliyyətin inkişafına,  yaradıcılıq, kommunikasiya və digər yumşaq bacarıqların formalaşdırılmasına, uşaqlar arasında sağlam həyat tərzinin təbliğinə, idman və bədən tərbiyəsinin inkişafına və bu sahədə kütləviliyin təmin edilməsinə yönəlib. 
 
Hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 78 idman, 67 yaradıcılıq profilli olmaqla 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 25 müəssisə paytaxtda və 125 müəssisə isə regionlarda yerləşir. Bu müəssisələrə qəbul sentyabrın 15-dən gec olmayaraq başlayır və növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. 
 
- Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılırmı?
- Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər 4 istiqamət üzrə aparılır: Təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi-texniki baza və maliyyə-təsərrüfat sənədləri. Cari tədris ili üçün monitorinqlərə 15 iyun tarixdə yekun vurulacaq. Monitorinqlərin yeni tədris ilində də aparılması nəzərdə tutulmuşdur. Monitorinqlərin təşkilində məqsəd məktəbdənkənar təhsil müəssisələrində tədrisin səmərəliliyinin yüksəldilməsi, idarəetmədə effektivliyin artırılması, qrup və dərnəklərdə şagird davamiyyətinin yoxlanılması, pedaqoji kadrların fəaliyyətinə nəzarət mexanizminin qurulmasından ibarətdir. Həmçinin sahənin mövcud vəziyyətinin təhlili, təhlillərə uyğun yeni yanaşlamaların tətbiqidir. 
 
- Məktəbdənkənar təhsil müəssisələrində hansı istiqamətlər üzrə dərnəklər fəaliyyət göstərir? 
Uşaq-gənclər inkişaf mərkəzlərində 10 istiqamət üzrə - təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, intellekt, ekologiya, turizm və diyarşünaslıq, fiziki tərbiyə istiqamətləri üzrə müxtəlif dərnəklər fəaliyyət göstərir. Məktəbdənkənar müəssisələrdə dərnək məşğələlərinin tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nümunəvi tədris planlarının və dərnəklərin məzmununun təkmilləşdirilməsi əsas məqsədlərimizdən biridir. Yeni məzmun, müasir yanaşma dərnək rəhbərlərinin peşəkar səviyyəsindən asılı olduğu üçün onların peşəkarlıq səviyyəsinin inkişafı da əsas hədəflərimizdəndir. Bu istiqamətdə “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili”, “Məktəbdənkənar fəaliyyətdə elm və texnologiyalara müasir yanaşmanın tətbiqi” və digər mövzularda peşəkar mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi və master-klasların təşkili nəzərdə tutulub.
 
- İdman profilli məktəbdənkənar təhsil müəssisələrində hansı idman növləri üzrə bölmələr fəaliyyət göstərir? 
- İdman profilli məktəbdənkənar təhsil müəssisələrində 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir: Ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-Roma güləşi, üzgüçülük, güllə atıcılığı, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, kikboksinq, şahmat, dama. Bu müəssisələrdə fəaliyyətin əsas məqsədi uşaqların fiziki və sağlam inkişafına şərait yaratmaqdır. 
 
- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məktəbdənkənar təhsil müəssisələrinə də qəbulun mərkəzləşmiş qaydada aparılacağını demişdi. Proses hansı mərhələdədir? Nə zamandan mümkün olacaq?
- Agentliyin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbuluna elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Bu istiqamətdə portal.edu.az sistemi üzrə məktəbdənkənar müəssisələrə qəbul funksiyası aktivləşdirilməsi üzrə işlər davam etdirilir. Portal vasitəsilə valideynlər övladlarının şəxsi kabinetini yaradaraq (əgər mövcud deyilsə) pilot məktəbdənkənar təhsil müəssisələrdə mövcud olan qrup və dərnək adları, həmçinin müəssisənin ünvanı barədə ətraflı məlumat əldə edəcək və onlayn sistem üzərindən övladlarının qeydiyyatını apara biləcək. Valideynə uşağın marağına əsasən, idman və yaradıcılıq profilli müəssisələrdə mövcud olan dərnək və qrup üzrə maksimum 3 seçim imkanı təqdim olunur. İlk il olduğu üçün pilot olaraq bir neçə müəssisə bu prosesə cəlb olunacaq. 
 
- Şagirdlərin məktəbdənkənar fəaliyyətlərə marağını artırmaq üçün hansı tədbirlər görülür?
- Məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə mütəmadi olaraq uşaq, yeniyetmə və gənclərin intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması, istedadlı məktəblilərin aşkar edilməsi, təhsilalanların vətənpərvərlik hissinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi məqsədilə il ərzində tədbirlər keçirilir. Bu istiqamətdə respublika və beynəlxalq yaradıcılıq müsabiqələri, festivallar, intellektual oyun və bilik yarışları, respublika birincilikləri və idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir, ekskursiyalar təşkil edilir.  
 
Onu da qeyd edim ki, bu sahədə beynəlxalq təmsilçilik də yüksək səviyyədədir. İdman və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri həm respublika, həm də beynəlxalq səviyyədə keçirilən tədbirlərdə və yarışlarda ölkəmizi uğurla təmsil ederək qızıl, gümüş və bürünc medal əldə edirlər. 
 
Cari ilin yanvar-iyun aylarında uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 117 qızıl, 124 gümüş, 162 bürünc, beynəlxalq yarışlarda isə 60 qızıl, 52 gümüş, 40 bürünc olmaqla, ümumilikdə 555 medal qazanıblar. Həmçinin uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. “Keyfiyyətli, sağlam insan kapitalının formalaşdırılması” kimi strateji dövlət tələbi bu sahənin çox vacib olduğunu bir daha təsdiqləyir. Çünki müxtəlif yaradıcılıq istiqamətində yaradıcı və tənqidi təfəkkürün inkişafı, müxtəlif idman sahələri ilə sağlam və fiziki inkişafı təmin üçün məktəbdənkənar fəaliyyət balans yaradır. Məqsədimiz də keyfiyyətli, sağlam insan kapitalının formalaşmasına töhfə vermək, hər bir uşağın yaradıcı olduğuna inandırmaq, hər bir uşağın fərd olaraq inkişafına nail olmaqdır.
 
Sifai SƏFƏROVA