Bu gün yaşıdları arasında öz yaradıcılıq potensialı ilə seçilən yeniyetmə və gənc istedad sahibləri çoxdur. Onlardan biri də Bakıdakı A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin şagirdi Zivər Rzayevadır. Həmsöhbətim Azərbaycan dili və tarix fənlərini çox sevir. Deyir ki, bu fənlər həm də gələcəkdə seçəcəyi ixtisasa tam uyğundur. İstedadlı qız 9 yaşından Nərmin Abdullayevanın “Politra” rəsm studiyasının üzvüdür və artıq 6 ilə yaxındır ki, burada rəsmlə məşğul olur. Ancaq bu məşğuliyyət ona dərslərini hazırlamağına zərrəcə mane olmur. "Əksinə, rəsm çəkərkən həm dincəlirəm, həm də pozitiv enerji alıram", söyləyir. Bu isə dərslərini daha yaxşı qavramaqda ona bir növ yardımçı olur:
 
"Mənim üçün janr məhdudiyyəti yoxdur. Janrların hər birində işləyərkən sərbəst oluram və daha çox nöqtə üsulundan istifadə edirəm".
 
Onun çəkdiyi rəsmlərə diqqət yetirəndə görürəm ki, rəsmlərinin mövzuları ən çox vətənin dilbər guşələrinə, adət-ənənələrə, təbiət təsvirlərinə aiddir. Özünün söylədiyinə görə Xalq rəssamı Arif Hüseynovun çəkdiyi əsərlərdən ilhamlanaraq nöqtə üsulunu rəsmlərində tətbiq edir. Bütün rəngləri sevdiyinə görə də çəkdiyi rəsmlər rəngarəng, gözoxşayandır.
 
Anam üçün çəkdiyim rəsm evimizin ən gözəl guşəsində sərgilənir 
 
"Emalatxanam olmasa da, özüm üçün otaqlarımızın birində kiçik bir guşə yaratmışam", deyərək, Zivər xüsusi zövqlə ərsəyə gətirdiyi fırça məhsullarını təsvir edərək bir-bir mənə təqdim edir. "Anam üçün çəkdiyim rəsm evimizin ən gözəl guşəsində sərgilənir" deyir və o rəsmi də həvəslə göstərir. Başqa bir rəsmini göstərərək, quş yuvası təsvir etdiyini deyir:
 
"Yuvanın istiliyi nəinki insanlarda, hətta təbiətdəki digər canlılarda da var. Mən bunu heyvanlar arasında çox müşahidə etmişəm. Və bu istiliyi öz rəsmimdə yaratmağa çalışmışam. Bu rəsmim isə "Mərakeş uşaqların gözü ilə" adlanır. Bilirik ki, bazar mədəniyyəti Şərqdə həmişə məşhur olub. Mərakeşdə də belə yerlər var. Mən onlardan birini bu rəsmimdə təsvir etmişəm. Bu rəsmim isə "Toy" adlanır. Bilirik ki, məşhur filmimizdə deyildiyi kimi elimizin toy kimi gözəl bir adət-ənənəsi var. İnsanlar toylarda milli musiqi alətlərimizi təcəssüm etdirən mahnıların sədaları altında rəqs edərək, sevinclərini bölüşürlər. Bu rəsmim isə 2024-cü ilin mayında mərkəzimizdə keçirilən sərgimdə yer alır. Sərgimdə 20-yə yaxın rəsm əsərim nümayiş olunub. Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş "Balalara hədiyyə" adlı kitabında yer almış illüstrasiyalarım diqqətçəkəndir. Kitab Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında nəşr olunub. Növbəti rəsmimdə isə Xan qızı Natəvan və Şuşa qalası təsvir olunub. Adını isə "Şuşa gözəli" qoymuşam. Çünki Qarabağ deyəndə həmişə ağlıma, ilk növbədə, Şuşa qalası və şairə Xan qızı Natəvan gəlir".
   
Beynəlxalq müsabiqələr qalibi
 
Zivər müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən beynəlxalq rəsm müsabiqələrində də iştirak edib. Bakıda, Belarusda, Mərakeşdə, Çexiyada, Slovakiyada, Yaponiyada, Sankt-Peterburqda rəsmləri qalib gəlib, diplomlarla mükafatlandırılıb. Zivər fəxr edir ki, xaricdə az da olsa Azərbaycanımızı təmsil edib vətənimizin adını digər ölkələr arasında tanıda bilib.
 
"2023-cü ildə sevimli rəsm müəllimim, ustadım Nərmin Abdullayevanın təşəbbüsü ilə mənimlə bərabər bir neçə şagirdin rəsm sərgisi təşkil edildi. Sərginin açılışında məşhur xalq rəssamlarımız Arif Hüseynov, Ağəli Məlikov, Sirus Mirzəzadə və başqaları iştirak etdilər. Bu sərgidə 15-ə yaxın rəsmim sərgiləndi. Qeyd edim ki, rəsm studiyamızın üzvləri ilə birgə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası üçün hazırlanmış “Balalara hədiyyə” adlı kitabın yeni tərtibatındakı nağıllara aid illüstrasiyanın müəllifi də mən idim. Arzum orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra xaricdə təhsil almaqdır.
 
Sifai SƏFƏROVA