Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Türkiyə Bioloqlar Dərnəyinin sədri, Türkiyə Bioloji Elmlər Akademiyası İdarə Heyətinin üzvü, Toksik maddələrin Hesablanması Palatasının Platforma Koordinatoru, Karbonun hesablanması üzrə Ekspert, Orta Şərqi Texniki Universitetinin professoru mikrobioloq İhsan Soytemizlə birgə onlayn elmi seminar keçirilib.
 
Bu barədə institutdan "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
Seminarı giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova tədbir iştirakçılarını və türk qardaşlarımızı salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Alim bu gün dünyanı narahat edən qlobal problemlərdən olan iqlim dəyişiklikləri və onların canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Ölkəmizin də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərdiyini bildirib.
 
Daha sonra Türkiyə Cümhuriyyəti Türkiyə Bioloqlar Dərnəyinin sədri, Türkiyə Bioloji Elmlər Akademiyası İdarə Heyətinin üzvü, Toksik maddələrin Hesablanması Palatasının Platforma Koordinatoru, Karbonun hesablanması üzrə Ekspert, Orta Şərqi Texniki Universitetinin professoru mikrobioloq İhsan Soytemiz Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunmasına daim diqqət yetirdiyini və bu gün Prezident İlham Əliyev Ulu Öndərin başladığı ekoloji tarazlığın qorunması işini davam etdirdiyini vurğulayıb. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu tədbirlərindən hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsinin bizi qürurlandırdığını vurğulayıb.
 
Sonra İnstitutun elmi əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş mövzularla çıxış ediblər.