"Sertifikatlaşdırma imtahanı nəticələri yüksəkdir və bu çox sevindirici haldır ki, bu proses müəllimlərin məsuliyyətini daha da artırır və müəllimlər artıq daha ciddi şəkildə sertifikatlaşdırma imtahanına hazırlaşırlar. Bununla yanaşı, əvvəlki dövrlərdə sertifikatlaşdırma imtahanı ilə bağlı bəzi narahatlıqlar olurdu. Son vaxtlar isə bu narahatlıqlar azalıb. Artıq müəllimlər özləri sertifikatlaşdırmanın fəlsəfəsini və sertifikatlaşdırmanın onların özlərinin yeni karyera başlanğıcı olmasını dərk edirlər".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə jurnalistlərə açıqlamasında vurğulayıb.
 
 O həmçinin qeyd edib: "Sertifikatlaşdırma dünyəvi prosesdir, demək olar ki, dünyanın bütün təhsil sistemlərində tətbiq edilir. Bu proses o məqsədlə həyata keçirilir ki, sertifikatlaşdırma müəllimin peşəkarlıq səviyyəsini müəyyən etməyə kömək edir və bizim bu gün təhsil alan şagirdlərimiz gələcəkdə dördüncü sənaye inqilabı və süni intellekt dövründə yaşayacaqlar. Buna görə də müəllimlərin peşəkarlıq səviyyəsi yüksək olmalıdır ki, onlar gələcəkdə belə bir məkanda daha yüksək səviyyədə fəaliyyət göstərə bilsinlər. Bu baxımdan sertifikatlaşdırmanın həyata keçirilməsini məqsədəuyğun hesab edirəm".