“...Mən hər dəfə Naxçıvana gedəndə müəllimlərimi mütləq tapıram, görüşürəm, söhbət edirəm. Təəssüflər olsun ki, mənə dərs deyən insanların, demək olar ki, hamısı dünyasını dəyişibdir. Ancaq bir müəllimim yaşayır... Adı da Lətif Hüseynzadədir...”.

 

“...Mən öz müəllimlərimi həmişə xatırlayıram. Bilirsiniz ki, mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. Çox şeylər, çox insanlar görmüşəm. Yadda qalanları da, qalmayanları da var... Amma sizə demək istəyirəm ki, ən yadda qalanlar, mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir. Onların adlarını indiyə qədər xatirimdə saxlayıram. Dil-ədəbiyyat müəllimim - Lətif Hüseynzadə... çox gözəl ədəbiyyat dərsi deyirdi...”.

 

Lətif Hüseynzadə: “Heydər Əliyev kimi bir şəxsin müəllimi olduğum üçün özümü xoşbəxt sanıram”

 

- ...Lətif müəllim, xoşbəxt adamsınız ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin müəllimi olmusunuz. Heydər Əliyevlə ilk tanışlığınız nə vaxt olub? Ona hansı illərdə dərs demişsiniz?

- Heydər Əliyevlə ilk tanışlığım onun atası Əlirza kişi ilə işlədiyim pedaqoji texnikuma gəldiyi gündən başladı. O vaxta qədər Heydər Əliyevi görməmişdim.

 

Yaxşı yadımdadır, 1937-38-ci tədris ilinin əvvəli idi. Dərslər artıq başlanmışdı. Bir gün Əlirza kişi oğlu Heydərlə bizim texnikuma gəldi. Onda mən texnikumda dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləyirdim.

 

Heydər Əliyev bizim pedaqoji texnikuma gələndə 15-16 yaşı olardı.  O, texnikumdan əvvəl Naxçıvandakı beynəlmiləl məktəbdə oxumuşdu. O zamanlar bu məktəbə hər kəs gedə bilməzdi. Orada yalnız qabiliyyətli, istedadlı, mütərəqqi düşüncəli uşaqlar təhsil alırdılar. Bizim texnikumumuza qəbul müəllimlərin müsahibəsi, sual-cavabları ilə həyata keçirilirdi. Atası Əlirza kişi bildirdi ki, oğlum Heydər müəllim olmaq istəyir. Bu, elə mənim də ürəyimdəndir. Qamətli, boy-buxunlu, ilk baxışdan diqqəti cəlb edən  gənclə söhbət etdim. Elə ilk dəqiqələrdən onun bilikli, qabiliyyətli olduğunu duydum, ədəbiyyatdan, dildən, tarixdən verdiyim suallara çox gözəl, əhatəli və təmkinlə cavablar verirdi. Xarici görkəmi də müəllimliyə yaraşan idi. Əsl müəllimliyə layiq keyfiyyətləri var idi. Ürəyimdə fikirləşirdim ki, ondan yaxşı müəllim olar. O zaman hər yerdə müəllimlərə ciddi ehtiyac duyulurdu. Onunla qısa müsahibədən sonra direktorun yanına getdik. Direktor Kazım Talıblı idi. Ona bildirdim ki,  bu gənci texnikumumuza qəbul etmək lazımdır.  Mən onunla müsahibə aparmışam və razı qalmışam. Direktor dedi: “Yaxşı, onda riyaziyyatdan da sual-cavab edib, sonra baxarıq”. O, texnikumun riyaziyyat müəllimi Tofiq Bəktaşini çağırtdırdı. Tofiq müəllim Heydər Əliyevə bir neçə məsələ və misal verdi. Heydər Əliyev çox çəkmədən verilən tapşırıqları səhvsiz yerinə yetirdi. Bəktaşi də  məmnunluqla gülümsəyərək öz  razılığını bildirdi. Beləliklə, Heydər Əliyevi texnikuma qəbul etdik. Mən elə həmin gün yeni tələbəmizi sinfə aparıb uşaqlarla  tanış etdim. Qəbuldan sonra bütün müəllimlər mənimlə söhbətlərində ondan razılıq edir, çox istedadlı, fitri qabiliyyətə malik bir uşaq olduğunu vurğulayırdılar. Mən özüm də bunu dərslərimdə görürdüm. Yaşının az olmasına baxmayaraq, özünü bir şəxsiyyət kimi aparırdı. Qətiyyətli, məqsədyönlü, fəal və təşəbbüskar idi. Elmlərə yiyələnmək həvəsi aşıb-daşırdı. Öz düşüncə tərzi, həyata baxışı ilə hamıdan fərqlənirdi. Çox vaxt qoltuğunda kitablar görərdim.

 

-  Bir çox dahilərin tərcümeyi-halı göstərir ki, onlar ya orta məktəbdə, ya da texnikum və kolleclərdə, universitetlərdə o qədər də yaxşı oxumamışlar. Bəs  Heydər Əliyev necə oxuyurdu? 

- Heydər Əliyev bütün fənləri əla oxuyurdu. Hər bir dərsə səylə hazırlaşır, əlavə materiallarla maraqlanırdı. Tələbələr də onu çox sevir, ona hörmətlə yanaşırdılar. O, dərs danışanda  sinfə tam sükut çökürdü. Uşaqlar ona diqqətlə qulaq asırdılar. Gözəl nitqi, ifadəli danışıq tərzi var idi.

 

Heydər Əliyev heç vaxt tək özünü düşünmürdü. O həmişə yoldaşlarının qayğısına qalır, onların problemləri ilə maraqlanır, ehtiyacı olanlara kömək etməyə çalışırdı. Baxmayaraq ki, özünün də ehtiyacları az deyildi.

 

Müəllimlər hamısı ona hörmət qoyur, çox sevirdilər. Tələbələrindən söz açanda Heydərdən daha çox  danışırdılar. Tofiq Bəktaşi deyirdi ki, ondan yaxşı riyaziyyatçı olacaq, onda riyazi təfəkkür çox yüksəkdir. Tarix müəllimi bildirirdi ki, Heydər tariximizi dərindən öyrənir,  ciddi maraqlanır,  o, yaxşı tarixçi olacaq. Mən isə fikirləşirdim ki, Heydər Əliyev ən yaxşı ədəbiyyatçı, dilçi olacaq. İfadəli, aydın, səlis  nitqi, gözəl xətti, savadlı yazısı var idi. Bədii təfəkkürü də  çox yüksək idi. Həmişə mütaliə edirdi. Ən çətin ərəb və fars sözlərini belə düzgün tələffüz edir və  yerində də  düzgün işlədirdi.

 

- Sonralar Heydər Əliyevlə əlaqə saxlamısınızmı? Ümumiyyətlə, onunla  neçə dəfə görüşmüsünüz?

- Texnikumdan sonra Heydər Əliyevlə uzun müddət görüşə bilmədim. Bildiyimiz kimi, Moskvada, Sankt-Peterburqdakı təhsilindən sonra o, Azərbaycana gəldi, müxtəlif yüksək vəzifələrdə çalışdı. Sovetlər dövründə Azərbaycanın rəhbəri oldu. İrəli çəkilərək Sovet dövlətinin ən yüksək rəhbər vəzifələrindən birinə təyin edildi. Tarixdə ilk dəfə olaraq türk-müsəlman SSRİ kimi super dövlətin başında duranlardan biri oldu... Amma ona qibtə edənlər, paxıllıq edənlər, düşmən mövqeyində duranlar da tapıldı. Heydər Əliyev yenidən Naxçıvana - doğma elinə, yurduna, torpağına qayıtmalı oldu...

 

Bir gün Heydər Əliyevin görüşünə getdim.  O, məni görüncə çox sevindi. Mənim sağ-salamat olmağımdan məmnun qaldı. Oturub xeyli söhbət etdik. Keçmiş günləri xatırladıq...

 

1993-cü ilin baharı idi. Heydər Əliyevin 70 yaşı tamam olurdu. Yanına gedib onu təbrik etdim. O da bildi ki, mənim də 90 yaşım tamam olur. O vaxt müavinini çağırıb tapşırıq verdi ki, Lətif müəllimin 90 illiyini Naxçıvanda təntənəli qeyd etmək lazımdır. Özüm də məruzəçi olacağam. Amma iş elə gətirdi ki, Azərbaycanda məlum hadisələr nəticəsində Heydər Əliyev respublika rəhbərliyinə dəvət olundu.

 

Böyük öndərlə bir görüşüm də Naxçıvan MR-in 75 illik yubileyində olub. Heydər Əliyev bu barədə fərman vermişdi. Yubiley tədbirinə özü  gəldi. Təntənəli mərasimdə çıxış edərək müəllimlərini xatırladı. Mənim adımı birinci çəkdi, böyük təvazökarlıq və sadəlik nümunəsi göstərərək mənim əməyimə yüksək qiymət verdi və məni özünün ən sevimli müəllimi adlandırdı...

 

Heydər Əliyevlə son görüşüm 2002-ci il avqustun 12-də oldu. Prezident Heydər Əliyevin fərmanı ilə Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi təşkil edilirdi. Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda bölmənin yaradılmasına həsr olunmuş müşavirədə görüşdük.

 

...Cənab Heydər Əliyev bu müşavirədə də mənim fəaliyyətim haqqında xeyli danışdı. Əməyimə yüksək qiymət verdi. Mənim anadan olmağımın 100, elmi-pedaqoji fəaliyyətimin 80 illiyinin keçirilməsi haqqında Naxçıvan MR Ali Məclisinə göstəriş verdi. Onun mənə göstərdiyi bu qayğı və diqqəti heç vaxt unuda bilmərəm...

 

Müsahibəni apardı:

Yusif ƏLİYEV,

“Azərbaycan müəllimi”, 9 may 2007-ci il