Nazir Dövlət Proqramını insan kapitalının inkişafına dövlət dəstəyinin təzahürü kimi qiymətləndirib


Bu gün Təhsil naziri Ceyhun Bayramov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransı keçirib.

 

Nazir ali təhsil müəssisələrində rəqabətliliyin qaldırılması istiqamətində atılan bu addımı insan kapitalının inkişafına dövlət dəstəyinin təzahürü kimi qiymətləndirib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı ölkəmizdə indiyədək həyata keçirilən dövlət siyasətinin məntiqi davamı hesab edib. Odur ki, çıxışında “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlərə geniş yer ayırıb.

 

Dövlət Proqramının ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirən nazir qeyd edib ki, sənədin əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Nazir Dövlət Proqramının qəbulundan cəmi bir neçə gün keçməsinə baxmayaraq, artıq müraciətlərin olduğunu vurğulayıb: “Sənədin qəbulundan cəmi bir neçə gün ötüb. Qaydalar hələ hazırlanır. Artıq Təhsil Nazirliyinə bir sıra ali təhsil müəssisələrindən müraciətlər daxil olub. Bu proqramda iştiraka dair böyük motivasiya müşahidə olunur. Bu, bir tərəfdən ali təhsil müəssisələri üçün geniş imkanlar açır, digər tərəfdən proqrama qoşulan təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyur. Belə ki, Proqrama qoşulmaq üçün təhsil müəssisələri xeyli iş görməlidirlər. Proqramların uyğunlaşdırılması, şəraitin təşkili və başqa məsələlər həll edilməli, bir sözlə, Proqramı qəbul edən müəssisənin bəlli potensialı olmalıdır”.    

 

Ceyhun Bayramov Dövlət Proqramının ən vacib məqamlarına toxunaraq deyib ki, sənədin birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur.

 

İkinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.     

 

Nazir Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini deyib. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu  ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək.

 

Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.

 

Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.