Yeni müəllim vəzifələri tətbiq olunacaq


Rusiya məktəblərində yeni müəllim vəzifələrinin tətbiqinə başlanılacaq. “Uçitelskaya qazeta”nın məlumatına əsasən, uşaqlarla məşğul olmaq üçün  “baş müəllim” (metodist) və “aparıcı müəllim” (rəhbər) vəzifələri müəyyən olunub.  Maarif  Nazirliyi  artıq Rusiya Federasiyası hökumətinə təqdim olunmaq üçün   “Pedaqoji işçilərin vəzifələrinin təsnifatında dəyişikliklərin edilməsinə dair” qətnamə  layihəsini  hazırlayıb. Sənəd hüquq müstəvisində bu iki yeni vəzifəni  təsdiq edəcək.

 

Rusiya Federasiyasının maarif  naziri Olqa Vasilyevanın sözlərinə görə, rəhbərlik etdiyi qurumda həmçinin pedaqoqların attestasiyasının yeni modeli  müzakirə olunub.  Model artıq 2020-ci ildə tətbiqini tapmalıdır.  Müəllim inkişafının milli sistemi özündə bir neçə elementi birləşdirir: ixtisas dərəcələrinin  artırılması, pedaqoji təhsil, pedaqoqun peşəkar standartı, müəllim peşəsinin nüfuzunun artması və  attestasiya.  Sonuncu  əhəmiyyətli dərəcədə dəyişəcək. Hazırda  attestasiyanın yeni modelinin ictimai müzakirəsi keçir.

 

“Biz  pedaqoqlarımızın elə bir attestasiyası  modelini yaratmaq istəyirik ki,  onların peşəkar inkişafında əsl stimul olsun, heç bir portfolio və bir yığım  sənəd  olmadan  iş yerində attestasiyadan keçməyə imkan  versin”, - deyə O.Vasilyeva  bildirib. Onun sözlərinə görə, pedaqoqlar da  həkimlər kimi   “peşəyə imtahan verməklə”  başlamalıdır.