Bu günlərdə Bərdə rayon təhsil işçilərindən ibarət bir qrup nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Səfər çərçivəsində qonaqlar Cocuq Mərcanlıda yerləşən məktəbdə olub, pedaqoji heyət və məktəblilərlə görüşüb. Birgə əməkdaşlıq məqsədi ilə təşkil olunan səfər zamanı qonaqlar məktəblilərə bayram hədiyyələri təqdim edib.

 

Görüşdə çıxış edən Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov Cocuq Mərcanlıda aparılan abadlıq-quruculuq işlərinin, yerli sakinlər arasındakı yüksək əhval-ruhiyyənin hamı kimi onu da sevindirdiyini deyib. Yaşayış məntəqəsinin düşmənlə qısa məsafədə olmasına baxmayaraq sakinlərin güvənli şəkildə burada yaşamasının xalqımızın ordumuza olan inamından irəli gəldiyini bildirib. Şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyyə olmasının əhəmiyyətindən də söz açan şöbə müdiri bu işdə təhsil işçilərinin üzərinə düşən məsuliyyəti xüsusilə vurğulayıb. Məktəbin pedaqoji heyətini və şagirdləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edən R.Şərifov onlara  gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

 

Bərdə Rayon Təhsil Şöbəsi Metodik kabinetinin direktoru Xuraman Qurbanova görüşdə  bildirib ki, Cocuq Mərcanlıya səfər təhsil işçiləri arasında əməkdaşlıq məqsədi daşıyır. X. Qurbanova onu da deyib ki, Cocuq Mərcanlı məktəbinin müəllim və şagirdlərinin  də Bərdə məktəbləri ilə tanışlığa dəvət ediblər. Məktəblər arasında birgə əməkdaşlığın əhəmiyyətindən danışan X.Qurbanova yaxın günlərdə cocuqmərcanlıları Bərdədə görəcəklərindən məmnun qalacaqlarını  da diqqətə çatdırıb.

 

Görüş zamanı şagirdlərin ifasında maraqlı ədəbi-bədii kompazisiya nümayiş olunub.

 

Sonra qonaqlar Cocuq Mərcanlı məscidində və yeni açılmış “ Qayıdış” parkında olublar.

                                                                                    

Niyazi RƏHİMOV