Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətnin ildönümü ilə bağlı tədbirdə bu fikir vurğulanıb


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bu gün fəaliyyətə başlamasının bir ili tamam olur. Bu münasibətlə keçirilən  tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkili Fazil Mustafa, Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert  Mobili,  Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

 

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbirdə çıxış edərək institutun yaranması zərurətindən danışıb: “Prezident İlham Əliyevin  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində institutun yaradılması barədə sərəncam verəndə bir məqsədi vardı: Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək”.

 

Azərbaycanda nümunəvi dövlət-din münasibətləri olduğunu deyən C.Məmmədov  ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin hazırda onun layiqli davamçısı  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, Aİİ-nin  yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.

 

Aİİ rektoru ötən bir il ərzində institutun gördüyü işlər, həyata keçirdiyi fəaliyyət istiqamətləri, həmçinin hədəfləri haqqında məlumat verib: “Azərbaycan İlahiyyat İnstitutun fəaliyyətə başladıqdan sonra, qısa vaxt ərzində institutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib, ali təhsil müəssisəsi tədris ilinə hazırlıq səviyyəsinə gətirilib. İnstitutun “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə təhsil standartları Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilib və  müsbət rəy alıb. Azərbaycan İlahiyyat İnstitutunda hazırda bir fakültə, 3 kafedra mövcuddur”.

 

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir: “Belə mütəxəssislər yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları savadlı, kamil mütəxəssislər olmaqla yanaşı, həmçinin səlis nitq qabiliyyətinə malik olsunlar”.

 

DQİDK sədri Mübariz Qurbanlı İnstitutun birillik fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən belə bir İnstitutun yaradılmasına ehtiyac var idi: “Ümid edirəm ki, İlahiyyat İnstitutu yüksəkixtisaslı kadrların hazırlanması üçün əlverişli təhsil mühiti yaradacaq. Gənclərimizin hər hansı ölkəyə dini təhsili almağa getməsinin qarşısı alınacaq. Dini məbədlərimiz yüksəkixtisaslı din xadimləri ilə təmin olunacaq”.

 

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanın din sahəsində uğurlu siyasət həyata keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Ölkəmiz dünyada tolerantlıq nümunəsi kimi tanınır. Bu gün Azərbaycandan dünyaya dini tolerantlıqla bağlı ciddi mesajlar verilir. Başqa bir tərəfdən, gənclərimizi başqa dini cərəyanlara cəlb etmək istəyən qüvvələr də öz məqsədini reallaşdırmaq üçün fürsət axtarır. Bu baxımdan, dini təhsil mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə İlahiyyat İnstitutunun üzərinə mühüm vəzifələr düşür”.

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir-duasını çatdırıb. O, İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib.

 

Tədbirdə çıxış edən Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein bildirib ki, hazırda cəmiyyətimizdə dini təhsilə böyük tələbat var. Dini təhsil almış insanlara ehiyac olduğunu qeyd edən  A. İşein İnstitutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.

 

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev çıxış zamanı qeyd edib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. M.Yevdayev bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə Azərbaycanda bu dəyərləri qoruyan və təbliğ edən din xadimləri yetişəcək.

 

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, milli düşüncəyə sahib, dövlətçiliyimizə bağlı olan və kənar təsirlərdən uzaq din sahəsində mütəxəssislərə ehtiyac var idi: “İnstituta ilk qəbul prosesi də göstərdi ki, bu sahəyə insanların marağı və tələbatı var. Sağlam və müasir dünyagörüşlü  pedaqoqların fəaliyyət göstərdiyi institutun Azərbaycan cəmiyyətində dini maarifçiliyin  inkişafında əhəmiyyətli rolu olacağına inanırıq.”

 

Tədbirdə çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları  Birgə Qrupunun üzvü, Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

 

Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert  Mobili, Gürcü Yəhudilərinin Bakı Dini İcmasının sədri Abik Çaruxçev tədbirdə çıxış edərək, Aİİ-nin yaranması və fəaliyyətinin birilliyi münasibətilə İnstitut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək, Aİİ rəhbərliyinin və kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə ediblər.

 

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı “Dəyərlərin izi ilə” sənədli filmi nümayiş olunub.

 

 

Ruhiyyə