Universitet ərazisində salınan parkın Xocalı soyqırımının dünyaya çatdırılmasında xüsusi əhəmiyyəti olacaq


Türkiyənin Samsun şəhərində yerləşən Ondoqquz May Universitetinin (OMU) ərazisində “Xocalı” parkı açılıb. Azərbaycanlı tələbələrin təşəbbüsü ilə yaradılan həmin parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

 

“Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, parkın salınması və abidənin ucaldılması İqtisadiyyat fakültəsinin siyasət ixtisası üzrə tələbəsi Bəhram Qənbərlinin başçılığı ilə azərbaycanlılardan ibarət bir qrup tələbənin təşəbbüsü ilə gerçəkləşib. Ötən ilin dekabrında universitet rəhbərliyi qarşısında təkliflə çıxış edən tələbələrin bu təşəbbüsü əvvəlcə tərəddüdlə qarşılansa da, sonradan məsələ öz həllini tapıb. İstər razılığın əldə olunması, istərsə də parkın inşası və abidənin hazırlanmasında universitetin Mühəndislik fakültəsinin müəllimi, professor Azər Qasımzadə də fəal iştirak edib.

 

Qeyd edək ki, 500-dən artıq azərbaycanlı tələbənin də təhsil aldığı, 50-60 min tələbəsi olan Ondoqquz May Universitetində belə bir parkın salınması Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınmasında xüsusi əhəmiyyətə malikdir. Universitetin xüsusən əcnəbi tələbələrinin mütəmadi baş çəkdiyi OMU-nun “Təhsil Mərkəzi”nin qarşısında salınan park və abidə azərbaycanlı tələbələrin bu istiqamətdə böyük uğuru sayıla bilər. Belə ki, bu addımın Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayacağı şübhə doğurmur.