Müharibə dəhşətlərini azaltmağa çalışan beynəlxalq təşkilat haqqında nə bilirik?


Əksər ali məktəblərdə mülki müdafiə fənni tədris olunur və bu adda kafedralar fəaliyyət göstərir. Bu da  təsadüfi deyil. Çünki lokal müharibələr və münaqişə ocaqlarının kifayət qədər olduğu müasir dövrümüzdə əhalinin bütün təbəqələrinin, xüsusən də qoca, qadın və uşaqların, eləcə də maddi tarixi abidələrin müharibənin təsirindən qorunması aktual olaraq qalır və bu işlə də daha çox məhz Mülki Müdafiə termini ilə adlanan qurum məşğul olur. Bəs bu humanist ideya  nə vaxt irəli sürülərək reallaşdırılmağa başlanıb?

 

Dövlət və cəmiyyətin əsas problemlərindən biri də sülh və ya hərbi dövrdə əhalinin yaşaması və həyat fəaliyyətinin təhlükəsizlik təminatının yaradılmasıdır. Bu məqsədlə fövqəladə halların idarə olunması üzrə xüsusi nazirlik, eləcə də digər güc nazirlikləri yaradılır, bu məsələlərin həlli, həmçinin yerli icraedici və idarəetmə orqanlarına tapşırılır.

 

Mülki müdafiə sahəsində bütün münasibətləri Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci ildə qəbul etdiyi “Mülki müdafiə haqqında” Qanun tənzimləyir. Bu qanun ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 1 yanvar 1998-ci ildən qüvvədədir.

 

Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqillik ədə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Ümumdünya Mülki Müdafiə Günü hər il konkret bir mövzuya həsr olunur və müvafiq tədbirlər təşkil edilir.

 

Mülki müdafiə hərəkatı ötən əsrin 30-cu illərindən başlanıb. 1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı fransız Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaradıb və bu qurum sonralar Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilib. “Cenevrə regionu”  adı altında müharibə zamanı əhalinin bəzi kateqoriyaları üçün (qadınlar, uşaqlar, xəstələr və qocalar) sığınacaq tapa biləcək neytral zona, yaxud açıq şəhər nəzərdə tutulur. “Cenevrə regionu”nun əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında qəbul edilmiş təhlükəsizlik zonaları və ya rayonları yaradılsın. Corc Sant-Pol bu fikri hələ 1929-cu ildə irəli sürmüşdür. Sonra həmin ideya onun məqalələrində və müxtəlif konfranslardakı çıxışlarında daha geniş açıqlanmışdır. 1936-cı ildə “Cenevrə regionu Assosiasiyası”nın təşəbbüsü ilə Fransa parlamenti bu məsələ üzrə qərar qəbul etdi. Qərarda Millətlər Cəmiyyətinə təklif olunurdu ki, hərbi münaqişələr zamanı qorunmaq məqsədilə hər bir ölkə ilə razılaşdırılmaqla və təsdiq edilmiş qaydada müvafiq təhlükəsiz rayon, yer və zona yaradılması üçün imkanlar öyrənilsin.

 

1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevrəyə köçürülmüş və müharibə dövründə mülki əhalinin və tarixi abidələrin mühafizəsi üzrə Beynəlxalq Assosiasiya adı ilə yenidən təşkil olunmuşdur. Generalın dostu və məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmiş, onun baş katibi olmuşdur. Məhz Henri Corcun təşəbbüsü ilə Assosiasiya tərəfindən 1936-cı ildə İspaniyada baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.

 

İkinci Dünya müharibəsi zamanı döyüşən tərəflərdən heç biri təhlükəsiz zonanın yaradılmasına razılıq vermirdi. Hələ Corc Sant-Pol öz məqalələrində dəfələrlə qeyd etmişdir: “Müharibənin başlanması və ya düşmən hücumuna qədər əhalinin vəziyyətini necə yüngülləşdirməyi müəyyən etmək vacibdir... Müharibə başlanandan sonra bu mümkün olmur”. O, diqqəti ən vacib məsələyə: müharibənin qarşısının alınmasına cəlb edirdi. Sonralar bütün sahələrdə əhalinin mühafizəsi ilə bağlı bu ideyalar onun ardıcılları tərəfindən davam və inkişaf etdirilmişdir. Henri Corc 1947-ci ildə “Müasir müharibə və mülki əhalinin mühafizəsi” adlı kitabını “Müharibə zamanı, yaxud hərbi münaqişə dövründə mülki əhalinin və tarixi abidələrin qorunması üzrə Beynəlxalq Assosiasiyanın nəşri” qeydi ilə dərc etdirir. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdı. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağrılan Cenevrə diplomatik konfransı sənədlərinin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü konvensiya qəbul olundu. Əgər “Cenevrə regionu” üzrə konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üzrə yararlı olan tarixi abidə və bədii dəyərlərə (abidələr, hətta şəhərlər) malik böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital zonası və rayonu yaradılması təsdiq edildi və əlavə olundu ki, müharibə zamanı yaralanan mülki əhali, eləcə də xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar və rayonlar yaradılmalıdır. Həmin təhlükəsiz zonalara ağ fonda maili qırmızı xətlər olan nişanlar qoyulur. Ağ fon üzərində iki qırmızı xətt olan “Cenevrə regionu”nun emblemi indi Beynəlxalq Mülki Müdafiə Təşkilatının emblemində öz əksini tapmışdır.

 

“Cenevrə regionu” Beynəlxalq Assosiasiyası yarandığı gündən 20 il ərzində çalışmışdır ki, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş humanitar qanunlar çərçivəsində hələ sülh dövründə qaçqınlar üçün “təhlükəsiz zonalar” yaradılsın. Assosiasiya üçün yubiley ili olan 1951-ci ildə doktor Milan Bodi Baş katib vəzifəsində Henri Corcu əvəz etdi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin dünya müharibəsinə çevrilməsi təhlükəsi var idi. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Katibliyi potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olundu. Planlaşdırma sahəsində fikir və təcrübə mübadiləsi son dərəcə faydalı oldu. 1954-cü ildə Berlində müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonalar və açıq rayonlar yaradılması məsələsi ilə əlaqədar Beynəlxalq Konfrans çağrıldı. Bu, BMMT tarixində Mülki Müdafiə üzrə ilk Ümumdünya Konfransı idi.

 

1956-cı ilin iyununda “Cenevrə regionu”nun informasiya bülleteni “Mülki Müdafiə” başlığı altında nəşr olundu. Assosiasiyanın redaksiya məqaləsində deyilirdi: uşaqların, qadınların, qocaların və əlillərin müharibə zamanı mühafizəsi sahəsində “Cenevrə təşkilatının fəaliyyəti müxtəlif ölkələrin mülki müdafiə orqanlarının qayğıları ilə üst-üstə düşür. Təşkilat bu gün də həmin istiqamətdə işini davam etdirir. “Cenevrə regionu” ümumi fəaliyyət planını işləyib hazırlayır və mülki müdafiə tədbirlərini beynəlxalq səviyyədə yayır, başqa sözlə, müxtəlif milli mülki müdafiə təşkilatları arasında əlaqələndirici vəzifəsini yerinə yetirir”.

 

Mülki Müdafiə üzrə ikinci beynəlxalq konfrans 1957-ci ildə Florensiya şəhərində çağrıldı. Konfrans iştirakçıları qərara aldılar ki, “Cenevrə regionu” Beynəlxalq Assosiasiyası əhalinin və ətraf mühitin mühafizəsi ilə bağlı olan bütün məsələlərdə öz fəaliyyətini genişləndirsin və assosiasiyasını mülki müdafiə problemləri üzrə beynəlxalq təşkilata çevirsin.

 

1958-ci ilin yanvarında “Cenevrə regionu” Beynəlxalq Assosiasiyası (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrildi. Yeni statusuna görə  quruma hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyəti verildi, eyni zamanda təşkilati vəzifələri də əhəmiyyətli dərəcədə genişləndirildi. Eyni zamanda qaçqınlar üçün təhlükəsiz zonaların yaradılması sahəsində öz işini davam etdirməklə yanaşı təşkilata həvalə edildi ki, milli Mülki Müdafiə orqanları ilə əlaqələr yaratsın, mühafizə sahəsində tədqiqat işləri aparılmasına nail olsun, əldə edilən müsbət təcrübənin yayılmasını təşkil etsin və fəlakətlərin qarşısının alınması sahəsində görülən işləri əlaqələndirsin.

 

 

Aqil MUSAYEV,

Azərbaycan Tibb Universitetinin assistenti