Bu sahibkarlıq fəaliyyətinin iqtisadi, hüquqi və təşkilati əsaslarına həsr edilmiş seminarda


Martın 1-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı və Vergilər Nazirliyinin dəstəyi ilə AzTU tələbələrinə “Startapa necə başlamalı” mövzusunda seminar keçirilib.

 

AzTU-nun prorektoru, professor İsa Xəlilov qonaqları salamlayıb və seminarın mövzusu haqqında iştirakçılara məlumat verib. Seminarın əhəmiyyətinə diqqət çəkən prorektor, son zamanlar ölkəmizdə startap mühitinin formalaşdırılması və inkişafı üçün görülən işlərdən, qanunvericilikdə edilən dəyişikliklərdən danışıb.  

 

İİTKM-in koordinatoru, “Enterprise Azərbaycan” portalının rəhbəri Aytən Məmmədova təqdimatla çıxış edərək, gənclərə, startapçılara və biznes ideyası olan hər kəsə İİTKM tərəfindən təklif olunan dəstəkdən danışıb. Aytən Məmmədova “Enterprise Azərbaycan” portalının imkanları haqqında ətraflı məlumat verib. 

 

Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov startapçılar üçün vergi qanunvericiliyində verilən imtiyazlardan söz açıb. Hacı Qasımov qeyd edib ki, hüquqi və fiziki şəxs olan startapçılar 3 il, kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər isə 7 il müddətinə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergilərindən azad ediliblər. 

 

“Azexport.az” portalının rəhbəri Zaur Qardaşov təşkilatın uğurlarından, həmçinin bu portalın ölkəmiz üçün əhəmiyyətindən danışıb və tərəfdaş olduqları “Amozonla qazan” layihəsi haqqında məlumat verib.

 

Bundan əlavə, seminarda “British Council”ın “Kreativ qığılcım” layihəsinin gənclərə yaratdığı unikal imkanlardan da danışılıb.

 

Çıxışlardan  sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və tələbələrin sualları  cavablandırılıb.

 

Sonda seminarın infoqramının əks olunduğu tablo  universitetə hədiyyə edilib və tələbələrə İİTKM tərəfindən sertifikatlar təqdim olunub.