Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir. Səfərdə məqsəd cənub bölgəsinə daxil olan rayonlarda təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaqdır.

 

Nazir müavini səfər çərçivəsində əvvəlcə Lerik rayonunda olub. Martın 4-də rayonun Hamarmeşə kənd tam orta, Peştətürk kənd ibtidai məktəblərinə, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyə və şəhər 3 nömrəli  tam orta məktəbə baş çəkən nazir müavini adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb, dərs prosesini izləyib, şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub.

 

Məhəbbət Vəliyeva həmçinin həmin məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlara peşə seçimi və fənn olimpiadalarının əhəmiyyətindən danışıb.

 

Nazir müavini eyni zamanda Lerik şəhər 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən təhsil müassisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə təhsil sahəsində son illər aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.