Silsilə tədbirlərin fəalları mükafatlandırılıb
Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi Taleh Mirzəyevin rəhbərliyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər ADPU-da icra olunan Aprel şəhidi, Lələtəpə fatehlərindən biri Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən silsilə elmi-praktiki seminarların yekun tədbiri keçirilib. “Biz kimik? Azərbaycanın və Azərbaycan xalqının ən qədim tarixi” mövzusunda elmi-praktik seminarda ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, layihə rəhbəri Taleh Mirzəyev, ekspert, AMEA-ın əməkdaşı, tədqiqatçı tarixçi Ramin Əlizadə və elektron seçim prosesi ilə seçilən iştirakçı tələbələr iştirak ediblər.
Layihənin rəhbəri Taleh Mirzəyev seminar iştirakçılarını salamlayıb, müzakirə olunan mövzunun indiyə qədər davam edən müxtəlif səpgili müzakirələrə məntiqi yekun vurmaq baxımından əlamətdar olduğunu qeyd edib.
Mövzu üzrə mütəxəssis qismində dəvət edilmiş AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, "Qarabağ - əcdadlarımızın mirası", "Zəngəzur", "İrəvan" filmlərinin ssenari müəllifi, Azərbaycanda Urartu tarixi və arxeologiyası üzrə ilk və hələlik yeganə mütəxəsis, Urartu üzrə beynəlxalq ekspedisiyalarda iştirak edib, tədqiqatlar aparmış Ramin Əlizadə tələbələr önündə çıxış edərək ən qədim dövr Azərbayca tarixinin və tarixşünaslığının görünməyən, tədqiq edilməmiş, yaxud diqqət ayrılmayan bir çox aspektlərindən söz açıb.
Tədbirdə çıxış edən professor Fikrət Rzayev mütəxəssisə maraqlı və dərin məzmunlu məruzəsinə görə təşəkkürünü bildirib, tələbələrə elmi bilikləri mənimsəməkdə səfərbər və yorulmaz olmağı tövsiyə edib.
Tədbirin ikinci hissəsində tələbələrə ADPU rəhbərliyinin təsdiqlədiyi iştirakçı diplomları təqdim edilib və layihənin ilkin pilot mərhələsinə yekun vurulub.
Qeyd edək ki, ilkin nəticələrin qiymətləndirilməsindən sonra layihənin bir proqram halında hər il davam etdirilməsi gözlənilir.