Əhalinin hüquqi biliklərinin artırılması diqqətdə olacaq


Ədliyyə Nazirliyi və Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəyə start verib. Layihə çərçivəsində nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Martın 6-da  media nümayəndələrinin iştirakı ilə keçirilən ilk brifinq nazirliyin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

 

Tədbirin açılışında Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verilib, bu sahədə maarifləndirmə tədbirlərinin və media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bidirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcək.

 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təmsil etdiyi qurumun ölkənin digər müvafiq nazirlikləri ilə bir sıra görüşlərin keçirdiyini vurğulayıb. Görüşlərin mahiyyət ertibarı ilə tanışlıq xarakteri daşıdığını deyən M.Ələsgərli bu formatda tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu cür tədbirlər eyni zamanda media ilə dövlət qurumlarının  birbaşa canlı ünsiyyətə girməsinə, əlaqələr yaratmasına, əməkdaşlıq etməsinə şərait yaradacaq. Bu isə media əməkdaşlarının müvafiq sahələr üzrə daha da peşəkarlaşmasına, dövlət strukturları haqqında materillaların düzgün, doğru şəkildə cəmiyyətə çatdırılmasına kifayət qədər fayda vermiş olacaq.  O, layihə çərçivəsində jurnalistlər üçün 5 təlim sessiyasının keçirilməsinin nəzərdə tutulduğunu, daha sonra jurnalistlərlə Ədliyyə Nazirliyi rəhbərliyinin geniş görüşünün keçiriləcəyini deyib. 

 

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova ədliyyə sahəsində dövlət siyasətini həyata keçirən Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin çox geniş olduğunu deyərək əlavə edib ki, əsas məqsəd KİV-lə əlaqalər yaradaraq islahatlar barədə məlumatları geniş ictimaiyyətə çatdırmaqdır. A.Sabitova nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatların sosial şəbəkələrdə, media qurumlarında işıqlandırılması üçün KİV-in dəstəyinə ümid etdiklərini  bildirib.

 

Sonra Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyəti, bu qurumların gördüyü işlərlə bağlı təqdimatlar ediblər. 

 

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

 

Sonra KİV nümayəndələri Probasiya xidmətinin elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.

 

 

Oruc MUSTAFAYEV