“Açıq kitab-Dədə Qorqud” mövzusunda


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elm günü” ilə bağlı keçirilən tədbirlər çərçivəsində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor  Kamran Əliyevin Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün “Açıq kitab-Dədə Qorqud” mövzusunda ustad dərsi keçirilib.

 

Tədbiri Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova açaraq Kamran Əliyevin qısa bioqrafiyası ilə tədbir iştirakçılarını tanış edib.

 

Professor K.Əliyev 1200 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi ilə 10 ildən artıq iş apardığını, dastanın bizə şifahi və ya yazılı şəkildə çatması məsələsinə hələ də tam aydınlıq gəlmədiyini, onu şifahi mətn kimi sübut etməyə çalışmasından söhbət açıb,  dastanın ayrı-ayrı boylarında rastlaşılan bayatılardan, dastanda işlədilən ifadələrdən elmi-nəzəri açıqlamalar verib. Mətnin möhtəşəmliyindən danışan alim orada rastlaşılan rəqəmlərin dili ilə xalqımızın və dastanın tarixinə dair bir sıra gizli məqamlara aydınlıq gətirib. O, eposdakı sirli mənaları, əsərin dərinliklərində rastlaşılan simvolları elmi faktlarla mənalandırıb. Professor K.Əliyevin eposun dili və onun lüğət tərkibi haqqında söylədiyi elmi-nəzəri fikirlər də tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, professor K.Əliyev müasir ədəbiyyatşünaslıq elminin tərəqqisində, ədəbi tənqidimizin inkişafında böyük xidmətləri olan çoxcəhətli bir istedad sahibidir. O,  ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsində ardıcıl və səmərəli işləmiş, romantik üslubun tədqiq edilib öyrənilməsində, klassik irsimizin, folklorumuzun mühüm ədəbi–ictimai problemlərinin işıqlandıılmasında böyük əmək sərf etmişdir. Onun qələmindən çıxmış sanballı tədqiqat əsərləri bir daha göstərir ki, K.Əliyev maraq dairəsi, tədqiqat imkanları  geniş olan alimlərdəndir. “Bu gün “Kitabi-Dədə Qorqud” dastanı haqqında söylədikləri onun tükənməz enerji ilə çalışdığını sübuta yetirir, dastanla bağlı gəldiyi qənaətlər olduqca inandırıcı görünür.”

 

Tədbirin sonunda professor K.Əliyev tələbələrin suallarını cavablandırıb, xatirə şəkli çəkdirilib.