Martın 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” mövzusunda Tvinninq layihəsi üzrə növbəti seminar keçirilib.

 

Seminarı  açan AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Tvinninq layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb. “Yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanması” mövzusunda Tvinninq layihəsində AzTU-nun ölkə üzrə 3 pilot ali təhsil müəssisəsindən biri seçilməsinə diqqət çəkən prorektor bildirib ki, Tvinninq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi,  beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır.

 

Təhsil Nazirliyinin  əməkdaşı Tofiq Əhmədov, Tvinninq layihəsinin koordinatoru Liza Baydanova, Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin Kefiyyət Təminatı Mərkəzinin direktoru Yolita Butkiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka seminarda çıxış edərək hazırda icra olunan Tvinninq layihəsi üzrə seçilən ixtisaslardan danışıblar.

 

Seminarda AzTU ilə yanaşı Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.