Elm Gününün keçirilməsinə dair tədbirlər çərçivəsində


Martın 15-də akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Elm Gününün keçirilməsinə dair tədbirlər çərçivəsində “Dövri qanun”un kəşfinin150 illiyinə həsr olunmuş konfrans keçirilib.

 

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-kimya fakültəsinin müəllim və tələbələri, həmçinin Bakı Ali Neft Məktəbinin müəllim və tələbələri və  NKPİ-nin alimləri iştirak ediblər.

 

Konfransı NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq respublikamızda Elm Gününün keçirilməsinə dair tədbirləri yüksək qiymətləndirib. Akademik qeyd edib ki, bu günkü konfrans institutumuzda  artıq üçüncü konfransdır.

 

Akademik Vaqif Abbasov “Dövri qanunun kəşfi haqqında” məruzə  edərək indiyə qədər yaradılmış kimyəvi elementlərin dövri sistemi cədvəlləri haqqında geniş məlumat verib. Bildirib ki, əslən azərbaycanlı olan Abas Çayxorskinin “Elementlərin dövrü sisteminin quruluşunun yeni variantı” mövcud cədvəllərdən ən yaxşılarındandır.

 

Sonra tələbələr və müəllimlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən müəllimlər dövri qanunun kəşfinin bəşəriyyətin inkişafında müstəsna rolunu qeyd ediblər.