Proqramı qazanan tələbələr gələcəkdə bu şirkətdə işləmək imkanı əldə edirlər


Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  İnsan Resursları Departamentinin məsul işçiləri-Vasif Cəfərov və Nəzrin Əfəndiyeva SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatını keçiriblər.

 

Tədbiri giriş sözü ilə açan AzTU-nun Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov Neft şirkətinin gənclərlə bağlı layihələrinin üstünlüklərindən və əhəmiyyətindən danışaraq AzTU-nun ənənəvi olaraq bu layihələrdə iştirakını vurğulayıb. Prorektor qeyd edib ki, Təqaüd Proqramını qazanan tələbə gələcəkdə  SOCAR-da işləmək imkanı eldə edə bilər.

 

Şirkətin əməkdaşı Vasif Cəfərov   SOCAR-ın həyata keçirdiyi  Daxili Təqaüd Proqramı və  Təcrübə Proqramı haqqında tələbələrə ərtaflı məlumat verib.  Bildirib ki, Təqaüd Proqramını şirkət istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, tələbələrin sənaye sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə həyata keçirir.

 

Tədbirdə  Təqaüd Proqramına uyğun ixtisaslarda  yüksək balla təhsil alan tələbələr iştirak edib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.